azturkxeber.az
http://azturkxeber.az

Milli Məclisin iclasında

10-07-2026

İyulun 10-da parlamentin spikeri Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası keçirilib.

 Azturkxeber.az-ın məlumatına görə, Milli Məclisin sədri Sahibə Qafarova gündəliyin təsdiqindən sonra iclasda müzakirə ediləcək 22 məsələdən ilk iki məsələnin beynəlxalq sənədlərlə bağlı qanun layihələri olduğunu və “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun tələbinə uyğun olaraq onların bir oxunuşda qəbul ediləcəyini bildirib.

Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Zaur Şükürov “Gəmilərin ballast sularının və çöküntülərinin idarə edilməsi və nəzarətinə dair” Beynəlxalq Konvensiyaya qoşulmaq haqqında qanun layihəsi barədə məlumat verib.

Bildirilib ki, Konvensiya 2004-cü il fevralın 13-də London şəhərində imzalanıb. Preambulla, 22 maddə və ballast sularının idarə olunması üzrə texniki tələblər, beynəlxalq standartlar və sertifikatlaşdırma qaydaları, o cümlədən ballast sularının uçot kitabına dair əlavərələrdən ibarət olan Konvensiyanın əsas məqsədi dənizin ekoloji mühitinin qorunmasıdır.

Konvensiyaya əsasən, sənədin tətbiq dairəsinə daxil olan gəmilər ballast sularının idarə olunması planına malik olmalı, bununla bağlı aparılan bütün əməliyyatları xüsusi kitabda qeyd etməli, beynəlxalq sertifikat almalı və müəyyən edilmiş qaydada mütəmadi yoxlamalardan keçməlidirlər. Konvensiyanın müvafiq maddələrində sənədin tətbiq sahəsi, öhdəliklər, gəmilərin ballast suları və çöküntülər vasitəsilə zərərli su orqanizmləri və patogenlərin ötürülməsinə nəzarət, çöküntü qəbul qurğuları, elmi-texniki tədqiqat və monitorinq, yoxlama və sertifikatlaşdırma, pozuntuların aşkarlanması və gəmilərə nəzarət, texniki yardım və regional əməkdaşlıq, məlumatların ötürülməsi, mübahisələrin həlli ilə bağlı məsələlər öz əksini tapıb.

Ölkəmizin bu Konvensiyaya qoşulması ballast sularının və çöküntülərin idarə edilməsinin beynəlxalq standartlara uyğun təşkilinə, dəniz ekosistemlərinin mühafizəsinin gücləndirilməsinə və ölkəmizin beynəlxalq dəniz hüquqlarından irəli gələn öhdəliklərinin icrasına xidmət edəcək.

Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov məsələyə dair bu komitənin rəyini söylədikdən sonra, qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov “Azərbaycan Respublikası ilə Ukrayna arasında mülki və ticarət işləri üzrə hüquqi yardım haqqında Müqavilə”nin təsdiq edilməsi barədə qanun layihəsini təqdim edib.

O, Azərbaycanla Ukrayna arasında siyasi, iqtisadi, elm, təhsil, mədəni və digər sahələrdə əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyini, dövlətlərimizin strateji tərəfdaş olduğunu söyləyib.

Nəzərə çatdırılıb ki, müzakirəyə təqdim edilən Müqavilə preambula və 25 maddədən ibarətdir və beynəlxalq təcrübədə qəbul edilən hüquqi standartları özündə ehtiva edir. Sənədin tənzimləmə predmetinə mülki və ticarət işləri üzrə hüquqi yardımın həcmi və göstərilməsi qaydası, məhkəmələr və digər orqanlar arasında səmərəli əməkdaşlığın həyata keçirilməsi, fiziki və hüquqi şəxslərin hüquqlarının təmin edilməsi, məhkəmə qərarlarının qarşılıqlı tanınması və icrasının hüquqi çərçivəsinin müəyyən edilməsi daxildir. Bildirilib ki, tərəflərin mərkəzi orqanları qismində Azərbaycan Respublikasının və Ukraynanın Ədliyyə nazirlikləri müəyyən edilib.

Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Pərvanə Vəliyeva məsələ ilə bağlı bu komitənin müsbət rəy verdiyini söyləyib. Bildirilib ki, müzakirə olunan Müqavilənin ratifikasiyası ölkələrimiz arasında iqtisadi və mülki münasibətlərin hüquqi bazasının möhkəmlənməsinə xidmət edəcək.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Parlamentin sədri gündəliyin növbəti 5 məsələsinin üçüncü oxunuşda qanun layihələri olduğunu deyib.

Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi sədrinin müavini Azər Badamov Ticarət Gəmiçiliyi Məcəlləsində, “Yol hərəkəti haqqında”, “Nəqliyyat haqqında”, “Dövlət rüsumu haqqında”, “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında”, “Avtomobil nəqliyyatı haqqında” və “Aviasiya haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş) ilə bağlı məlumat verib.

O, qanun layihəsinin birinci və ikinci oxunuşlar zamanı ətraflı müzakirə edildiyini, sənədin məqsədi, mahiyyəti və əhəmiyyəti barədə geniş məlumat verildiyini, deputatlar tərəfindən müsbət qiymətləndirildiyini bildirib. Sənədin ölkəmizdə nəqliyyat sahəsinin müasir texnologiyalara uyğun inkişafı, hüquqi tənzimləmənin təkmilləşdirilməsi və innovativ həllərin tətbiqi baxımından əhəmiyyətli olduğunu söyləyib.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Elşən Musayev sənəd barədə bu komitənin müsbət rəyini bildirdikdən sonra, qanun layihəsi üçüncü oxunuşda qəbul olunub.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi sədrinin müavini Azər Badamov daha sonra “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 9 dekabr tarixli 307-VIIQD nömrəli Qanununun icrası ilə əlaqədar bəzi qanunlarda dəyişiklik edilməsi haqqında qanun layihəsindən (üçüncü oxunuş) bəhs edib.

O, layihədə nəzərdə tutulan dəyişikliklərlə bağlı hər hansı əlavə təklifin irəli sürülmədiyini deyərək, sənədin səsə qoyulmasını xahiş edib.

Sənəddə təklif olunan dəyişikliklərmopedlərin texniki baxışdan keçirilməsinə, dövlət qeydiyyatına alınmasına, sürücülük vəsiqəsinin verilməsi üçün imtahanların qəbuluna, sürücülük vəsiqəsinin verilməsi və ya dəyişdirilməsinə, dövlət qeydiyyat nişanlarının verilməsinə görə dövlət rüsumunun tənzimlənməsini ehtiva edir.

Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

İclasda İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov “Büdcə sistemi haqqında”, “Sığorta fəaliyyəti haqqında” və “Hesablama Palatası haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini (üçüncü oxunuş) təqdim edib.

Komitə sədri layihə barədə əvvəlki oxunuşlar zamanı ətraflı məlumat verildiyini, deputatlar tərəfindən hər hansı qeyd və təklifin daxil olmadığını deyib, sənədin üçüncü oxunuşda qəbul edilməsinin məqsədəuyğun olduğunu bildirib.

Layihə Hesablama Palatasının fəaliyyətinin effektiv təşkilinə, keyfiyyətli yekun sənədlərin hazırlanmasına, Palata haqqında qanunvericiliyin beynəlxalq audit standartlarına uyğunlaşdırılmasına, Palatanın qarşısında duran vəzifələrin daha səmərəli həyata keçirilməsinə imkan yaradacaq.

Qanun layihəsi üçüncü oxunuşda qəbul olunub.

Sonra komitə sədri Azər Əmiraslanov “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinə dair (üçüncü oxunuş) məlumat verib.

O, bu qanun layihəsi ilə bağlı hər hansı qeyd və təklifin olmadığını deyib və onun səsə qoyulmasını xahiş edib.

Layihə Ələt Azad İqtisadi Zonası ərazisinə investisiya cəlbi üçün əlverişli şəraitin yaradılması və həmin ərazidə istehsal olunan malların rəqabət qabiliyyətinin qorunması məqsədilə hazırlanıb.

Qanun layihəsi üçüncü oxunuşda qəbul olunub.

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Elşən Musayev Cinayət Məcəlləsində, Cinayət-Prosessual Məcəllədə və “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (üçüncü oxunuş) diqqətə çatdırıb.

O, layihənin əvvəlki oxunuşlar zamanı deputatlar tərəfindən dəstəkləndiyini deyib və sənədin səsə qoyulmasını xahiş edib.

Qanun layihəsinə əsasən, iqtisadi fəaliyyət sahəsində olan bəzi cinayətləri törətmiş və cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödəmiş və ya cinayət nəticəsində əldə edilmiş gəliri tamamilə dövlət büdcəsinə köçürmüş şəxslər, bundan əlavə vurulmuş ziyanın artıq bir misli yox, əlli faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad ediləcəklər. Sənəddə "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Qanunda nəzərdə tutulan dəyişikliyə əsasən, Qanunun 13-2.3.5−13-2.3.9-cu və 13-2.3.10-1-ci maddələrində göstərilən informasiyaların yerləşdirilməsi hallarında internet informasiya ehtiyatına və ya onun müvafiq hissəsinə müraciət müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında müvəqqəti olaraq məhdudlaşdırılacaq.

İnsan hüquqları komitəsinin sədri Zahid Oruc məsələ barədə bu komitənin rəyini səsləndirdikdən sonra, qanun layihəsi üçüncü oxunuşda qəbul olunub.

Milli Məclisin spikeri gündəliyin növbəti 4 məsələsinin ikinci oxunuşda qanun layihələri olduğunu deyib.

Sonra Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov “Psixiatriya yardımı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) təqdim edib.

Komitə sədri qanun layihəsinin birinci oxunuşda geniş müzakirə olunaraq, yekdilliklə qəbul edildiyini söyləyib. O, müzakirələr zamanı deputatlar tərəfindən bəzi təkliflərin verildiyini və onların nəzərdən keçirildiyini deyərək, səsləndirilən fikirlərə münasibət bildirib və sənədin dəstəklənməsini xahiş edib.

Sənəddə psixi pozuntu vəziyyətində olan şəxsin özünün, habelə başqa şəxslərin sağlamlığını və təhlükəsizliyini təmin etmək məqsədi ilə sözügedən Qanuna 19.2-1-ci və 17.4-cü maddələrin əlavə edilməsi təklif olunur. Habelə psixi pozuntu vəziyyətində olan şəxslərin və ya onların qanuni nümayəndəsinin razılığı olmadan psixiatriya müayinəsinin aparılması ilə bağlı Qanuna yeni 17.2.5-ci maddənin əlavə edilməsi təklif edilir.

Bununla yanaşı layihədə psixi pozuntusu olan şəxsin sağlamlığının vəziyyəti və ona göstərilən psixiatriya yardımı tədbirləri haqqında məlumatların elektron sağlamlıq kartı sistemində saxlanılması, adıçəkilən şəxsə göstərilən yardım tədbirləri barədə məlumatların şəxsin özü tərəfindən elektron sağlamlıq kartı sistemindən əldə edilməsi, həmin şəxsin qanuni nümayəndəsinə isə qeyd olunan məlumatların onun yazılı müraciətindən sonra 2 iş günü ərzində müəssisənin müdiriyyəti tərəfindən təqdim olunmasınadair müvafiq müddəaların əlavə edilməsi nəzərdə tutulur.

Qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini (ikinci oxunuş) təqdim edib.

Komitə sədri bildirib ki, layihə özəl bölmədə və qeyri-neft sektorunda fəaliyyət göstərən sahibkarlara ƏDV-nin depozit hesabından vəsaitlərin dövlət sosial müdafiə fonduna ayrılması üçün hüquqi əsaslar yaradır. Qeyd olunub ki, sənəd qeyri-neft sektorunun inkişafına və sahibkarlığın dəstəklənməsinə xidmət edəcək.

Məsələ ilə bağlı müzakirələrdə deputatlar Razi Nurullayev və Samir Vəliyev öz qeyd və təkliflərini səsləndiriblər.

Qanun layihəsi ikinci oxunuşda qəbul olunub.

Sonra komitə sədri Azər Əmiraslanov Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsinə dair (ikinci oxunuş) məlumat verib.

O bildirib ki, layihə qeyri-qida istehlak mallarının ölkəyə idxalı zamanı texniki təhlükəsizliyin təmin edilməsi və texniki reqlamentlərə əməl olunmasına nəzarətin gömrük orqanları tərəfindən həyata keçirilməsi üçün hüquqi əsaslar yaradır.

Qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

Daha sonra komitə sədri Azər Əmiraslanov “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) təqdim edib.

Bildirilib ki, qanun layihəsi satınalan təşkilat tərəfindən icra və avans təminatının ödənilməsinin mümkünsüzlüyü müəyyən edilmiş qeyri-rezident hüquqi və ya fiziki şəxsin icra və avans təminatını təqdim etmək öhdəliyindən azad edilib-edilməməsinin qayda və prosesinə dair hüquqi əsasın formalaşdırılması məqsədilə hazırlanıb.

Komitə sədri, habelə daxil olan təkliflər əsasında “Dövlət satınalmaları haqqında” Qanunun daha da təkmilləşdirilməsi istiqamətində işlərin davam etdiyini söyləyib.

Məsələ barədə deputat Müşfiq Məmmədli öz fikirlərini və bəzi təkliflərini səsləndirdikdən sonra, qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

Spiker Sahibə Qafarova gündəliyin qalan 11 məsələsinin birinci oxunuşda qanun layihələri olduğunu söyləyib. O, diqqətə çatdırıb ki, növbəti iki məsələ möhtərəm cənab Prezidentin bir məktubu ilə Milli Məclisə daxil olub və mahiyyətcə bir-birinə yaxındır. Həmçinin, qeyd edilib ki, iclasda kənd təsərrüfatı nazirinin müavinləri İlhamə Qədimova, Zaur Əliyev və Seymur Səfərli iştirak edirlər.

Sonra Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev “Toxumçuluq haqqında” Azərbaycan Respublikası qanununun layihəsini (birinci oxunuş) təqdim edib.

Komitə sədri ölkə Prezidentinin rəhbərliyi ilə kənd təsərrüfatı sahəsində həyata keçirilən islahatların aqrar sektorun inkişafında mühüm rol oynadığını vurğulayıb. Bu islahatların ölkəmizin iqtisadi qüdrətinin artırılması ilə yanaşı, vətəndaşların rifahının yaxşılaşdırılmasına xidmət etdiyini söyləyib. Bildirilib ki, dövlət tərəfindən kənd təsərrüfatının inkişafına göstərilən qayğı və diqqət sahibkarlığın dəstəklənməsinə, ixracın artırılmasına, keyfiyyətli məhsul istehsalına, ərzaq təhlükəsizliyinin təminatına imkan yaradır.

Nəzərə çatdırılıb ki, təqdim edilən qanun layihəsi Azərbaycan Respublikasında toxumun istehsalı, emalı, tədarükü, saxlanması, daşınması, ticarət dövriyyəsi, o cümlədən idxalı və ixracı, sertifikatlaşdırılması və keyfiyyətinə nəzarətlə bağlı yaranan münasibətləri tənzimləyir, bu sahədə fəaliyyət göstərən subyektlərin və dövlət orqanlarının fəaliyyətinin hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən edir.

Qeyd olunub ki, ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsində bitkiçilik məhsullarının istehsalı xüsusi yer tutur və bunun üçün yüksək məhsuldarlığa və sabit irsi əlamətlərə malik, zərərli orqanizmlərə və müxtəlif iqlim amillərinə dözümlü bitki sortlarının yetişdirilməsi, fermerlərin keyfiyyətli toxumla təminatı həlledici əhəmiyyət daşıyır.

Bildirilib ki, layihədə anlayışlar sistemi təkmilləşdirilib.Tənzimləmə və nəzarət mexanizimləri aydın şəkildə göstərilib. Sahənin obyektlərinin və subyektlərinin dairəsi dəqiqləşdirilib. Eyni zamanda, toxumun keyfiyyətinə nəzarət və sertifikatlaşdırma prosesinin beynəlxalq təcrübəyə uyğunlaşdırılması nəzərdə tutulur. Toxum müfəttişlərinin səlahiyyət və vəzifələri, habelə toxumların emalı, məhv edilməsi, qablaşdırılması və etiketləşdirilməsi prosesləri dəqiq müəyyən edilir.

Qeyd olunub ki, sənəddə əks olunan əsas yeniliklərdən biri toxumçuluq sahəsində fəaliyyət göstərən subyektlərin qeydiyyatının elektron şəkildə aparılmasıdır və bu, prosesin operativliyinin təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Elektronlaşma aidiyyəti şəxslərin sortluq və səpin keyfiyyətini təsdiq edən sertifikatı olan toxumlar, onların bioloji və iqtisadi göstəriciləri barədə ətraflı məlumat almalarına şərait yaradacaq.

Bildirilib ki, qanun layihəsi habelə rəqabət mühitinin formalaşmasına şərait yaradır, toxumçuluq sahəsinin iqtisadi əsaslarının yenilənməsini təmin edir. Belə ki, yüksək nəsilli orijinal və elit toxumların istehsalına özəl sektorun cəlb edilməsi bu sahədə rəqabət mühiti yaratmaqla, özəl seleksiyanın və özəl ilkin toxumçuluğun inkişafına imkan yaradacaq. Bununla yanaşı, layihəyə əsasən, keyfiyyət və beynəlxalq uyğunluq baxımından kənd təsərrüfatı bitki sortlarının toxumlarının kateqoriyaları beynəlxalq standartlara uyğunlaşdırılaraq, artırılma mərhələsindən asılı olaraq orijinal, elit və sertifikatlı toxum kimi müəyyən edilir.

Qanun layihəsinin toxumçuluq sektorunda köklü islahat hesab edilməklə, aqrar sektorun dayanıqlı inkişafına əhəmiyyətli təsir göstərəcəyi, ərzaq təhlükəsizliyinin təmin edilməsi, kənd təsərrüfatı məhsullarının bolluğunun yaradılmasına xidmət edəcəyi söylənilib.

“Seleksiya nailiyyətləri haqqında”, “Dövlət rüsumu haqqında”, “Lisenziyalar və icazələr haqqında” və “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsi ilə bağlı (birinci oxunuş) bildirib ki, sənəd "Toxumçuluq haqqında" yeni qanunun tələblərindən irəli gələrək hazırlanıb və müvafiq dəyişiklikləri özündə ehtiva edir.

İclasda Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov bu məsələ barədə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin rəyini bildirmək üçün komitənin sədr müavini Azər Badamova söz verib.

Sonra Azər Badamov çıxış edərək bildirib ki, layihədə seleksiya nailiyyətləri, qeydiyyata alınmış toxum əməliyyatçıları və toxumluq əkinlər barədə məlumatların elektron reyestrdə aparılması, toxum əməliyyatçılarının qeydiyyatına və toxumlara sortluq və səpin keyfiyyətlərini təsdiq edən sertifikatların verilməsinə görə dövlət rüsumunun müəyyən edilməsi, toxum əməliyyatçılarının qeydiyyatına dair reyestrdən çıxarışın sahibkarlıq fəaliyyəti üçün tələb olunan icazələr siyahısına daxil edilməsi nəzərdə tutulur.

Təqdim edilən məsələlər ətrafında müzakirələrdə komitə sədrləri Zahid Oruc, Siyavuş Novruzov, deputatlar Vüqar Bayramov, Müşfiq Cəfərov, Vüqar İskəndərov, Azər Allahverənov çıxış edərək öz fikir və təkliflərini açıqlayıblar.

Hər iki qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq, birinci oxunuşda qəbul edilib.

Gündəliyin növbəti iki məsələsinin də cənab Prezident tərəfindən Milli Məclisə təqdim edildiyi və mahiyyətcə bir-birinə yaxın olduğu bildirilib.

Sonra Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev “Balıqçılıq haqqında” Azərbaycan Respublikasının qanun layihəsini (birinci oxunuş) təqdim edib.

Bildirilib ki, qanun layihəsi Azərbaycan Respublikasında balıqçılığın, o cümlədən balıq və digər su bioresurslarının ovunun və akvakulturanın təşkilinin, idarə edilməsinin, balıq və digər su bioresurslarının artırılmasının, istifadəsinin və mühafizəsinin hüquqi əsaslarını müəyyən edir.

Nəzərə çatdırılıb ki, sənəddə anlayışlar sistemi təkmilləşdirilib. İdarəetmə və nəzarət mexanizmləri müasirləşdirilib. Layihə ilə balıqçılıq sahəsində idarəetmənin rəqəmsallaşdırılması, informasiya sistemləri vasitəsilə balıqçılıq subyektləri, istifadə edilən resurslar və dövriyyəyə daxil olan məhsullar üzrə məlumatların uçotu və izlənməsi mexanizmləri yaradılır. Balıq ehtiyatlarının istifadəsi üçün kvotaların elmi əsaslarla müəyyən edilməsi, ov icazələrinin verilməsində şəffaflıq, real vaxtlı monitorinq, elektron uçot sistemləri və məsafədən izləmə texnologiyalarının tətbiqi nəzərdə tutulur.

Layihədə akvakultura fəaliyyətinin hüquqi tənzimlənməsi daha da təkmilləşdirilərək bu sahədə fəaliyyət göstərən subyektlər üçün qeydiyyat əsaslı icazə mexanizmi və Biotexnoloji Layihə Sənədinin tətbiqi müəyyən edilir. Su hövzələrinin akvakultura məqsədilə istifadəsi, balıqçılıq təsərrüfatlarının hüquqi statusu, akvakultura obyektlərinin qeydiyyatı, məhsuldarlığın tənzimlənməsi, eləcə də törədici balıqların və onların sürülərinin idarə olunması məsələləri normativ əsaslarla müəyyən edilir.

Bununla yanaşı, balıq məhsullarının ticarət dövriyyəsinə daxil edilməsi prosesində şəffaflığın və nəzarətin artırılması məqsədilə məhsulların mənşəyi, növü, həcmi və digər göstəricilər üzrə məlumatların elektron sistemlərdə qeydiyyata alınması və izlənməsi mexanizmi müəyyən olunur ki, bu da həm qida təhlükəsizliyinin təmin edilməsinə, həm də bazar münasibətlərinin tənzimlənməsinə xidmət edir.

Qeyd edilib ki, qanun layihəsi balıqçılıq və akvakultura sahəsində idarəetmənin təkmilləşdirilməsinə, su bioresurslarının dayanıqlı istismarına, biomüxtəlifliyin qorunmasına, daxili bazarda balıqçılıq məhsullarına tələbatın ödənilməsinə və ixrac potensialının artırılmasına, eyni zamanda hüquqi məsuliyyətin real təsirinin gücləndirilməsinə yönəlmiş hüquqi əsas formalaşdırır.

Məsələ barədə Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov bu komitənin rəyini təqdim edib. Bildirilib ki, qanun layihəsi ərzaq təhlükəsizliyi, iqtisadi inkişaf, ekoloji təhlükəsizliyin təmin edilməsində mühüm əhəmiyyət kəsb edir. Sənəd balıqçılıq sahəsində müasir elmi əsaslara söykənən, rəqəmsal və ekoloji məsuliyyət prinsiplərinə əsaslanan yeni idarəetmə modelinin formalaşdırlmasına şərait yaradacaq.

Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov “Dövlət rüsumu haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsinə dair (birinci oxunuş) məlumat verib.

Bildirilib ki, sənəddə "Balıqçılıq haqqında" qanun layihəsindən irəli gələrək bir sıra dəyişikliklər nəzərdə tutulur.

Layihədə akvakultura təsərrüfatlarının qeydiyyat şəhadətnaməsinin verilməsi ilə bağlı hüquqi mexanizmlərin təkmilləşdirilməsi nəzərdə tutulur. Bu məqsədlə “Dövlət rüsumu haqqında” Qanuna dəyişiklik edilərək, akvakultura təsərrüfatlarının qeydiyyat şəhadətnaməsinin verilməsinə görə dövlət rüsumu müəyyən edilir. Eyni zamanda, "Lisenziyalar və icazələr haqqında" Qanuna təklif edilən dəyişiklikdə sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısına akvakultura təsərrüfatlarının qeydiyyat şəhadətnaməsi əlavə olunur.

Məsələlərlə bağlı müzakirələrdə çıxış edən deputatlar Razi Nurullayev, Pərvanə Vəliyeva, Vasif Qafarov öz fikirlərini bölüşüblər.

Sonra qanun layihələrə ayrı-ayrılıqda səsə qoyularaq, birinci oxunuşda qəbul edilib.

Milli Məclisin sədri Sahibə Qafarova gündəliyin 16-cı məsələsinin - Torpaq Məcəlləsində, Mülki Məcəllədə və “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) olduğunu bildirib. Spiker qeyd edib ki, bu məsələ və növbəti iki məsələ ilə bağlı "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" Publik Hüquqi Şəxsin İdarə Heyəti sədrinin müavini Elşad Məmmədov iclasa dəvət olunub.

Qanun layihəsi barədə məlumat verən Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev diqqətə çatdırıb ki, dəyişikliklər əmlakdan və torpaq sahələrindən daha səmərəli istifadə edilməsini, torpaq bazarında dövriyyənin aktivləşməsini, dövlət və vətəndaşlar arasında qarşılıqlı razılıq əsasında əmlak mübadiləsinin aparılmasını, iqtisadi fəallığın yüksəldilməsini nəzərdə tutur.

Belə ki, dövlət mülkiyyətində olan torpaq sahələri qarşılıqlı razılıq əsasında xüsusi mülkiyyətdə olan torpaq sahələri ilə qanunla müəyyən edilən qaydada dəyişdirilə bilər. Bu hal özəlləşdirilməsi qadağan olunan və dövlətin müstəsna mülkiyyətində olan torpaq sahələrinə şamil edilmir.

Layihə ilə bağlı Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nurlan Həsənov komitəsinin müsbət rəyini açıqlayaraq bildirib ki, sənəd dövlət mülkiyyətində olan əmlakın qarşılıqlı razılıq əsasında xüsusi mülkiyyətdə olan əmlakla, o cümlədən torpaq sahələri ilə dəyişdirilə bilməsinin hüquqi əsasını yaradır.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin rəyini açıqlayan komitə sədrinin müavini Azər Badamov bildirib ki, dəyişdirilən əmlakların, o cümlədən torpaq sahələrinin qiymətləndirilməsi bazar qiyməti nəzərə alınmaqla "Qiymətləndirmə fəaliyyəti haqqında" Qanuna uyğun olaraq həyata keçiriləcək.

Qanun layihəsi birinci oxunuşda qəbul olunub.

Növbəti məsələ Torpaq Məcəlləsində, Mülki Məcəllədə, “Daşınmaz əmlakın dövlət kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında”, “Torpaq bazarı haqqında” və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) barədə də Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev məlumat verib.

Komitə sədri bildirib ki, kənd təsərrüfatı torpaqlarının kiçik hissələrə parçalanması torpağın əkinə yararlılığını məhdudlaşdırır, texnikadan, sudan, təbii resurslardan, aqrotexniki vasitələrdən effektiv istifadəni çətinləşdirir. Bunun nəticəsində istehsal xərcləri artır, məhsuldarlıq aşağı düşür, kənd ərazilərinin sosial-iqtisadi inkişafı ləngiyir. Bu sahəyə dair xüsusi hüquqi tənzimlənmənin olmaması isə torpaqların konsolidasiyasının ölkə miqyasında tam həyata keçirilməsinin qarşısını alır. Bu boşluğu aradan qaldırmaq məqsədilə Torpaq Məcəlləsinə yeni 13-2-ci maddə əlavə edilir. Həmin maddə torpaqların konsolidasiyasını - kənd təsərrüfatı məqsədilə torpaq sahələrinin mülkiyyətçilərinin razılığı və ekvivalent bazar dəyəri əsasında birləşdirilməsi, bölünməsi, sərhədlərinin yenidən müəyyən edilməsi, dəyişdirilməsi nəticəsində mülkiyyət hüquqlarının yenidən rəsmiləşdirilməsini müəyyən edir.

Layihədə digər qanunlara təklif olunan dəyişikliklər torpaq üzərində mülkiyyət hüququnun təmin edilməsini, konsolidasiya prosesinin texniki şərtlərini, torpaq bazarının tənzimlənməsini, konsolidasiyaya dair bölgü sənədinin daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas olan sənədlər siyahısına əlavə edilməsini nəzərdə tutur.

Qeyd olunub ki, qanun layihəsi kənd təsərrüfatında məhsuldarlığın artırılması, torpaq resurslarından səmərəli istifadənin təmin edilməsi, ərzaq təhlükəsizliyinin gücləndirilməsi və kənd yerlərinin inkişafı üçün mühüm əhəmiyyət kəsb edir.

Layihə ilə bağlı Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin müsbət rəyini səsləndirən komitənin üzvü Nurlan Həsənov sənəddə konsolidasiyanın könüllülük prinsipi əsasında həyata keçirildiyini vurğulayıb. Torpaq sahələrinin konsolidasiyası yalnız mülkiyyətçilərin razılığı ilə aparılır, bazar dəyəri prinsipi qorunur, zərurət yarandıqda kompensasiya mexanizmi tətbiq olunur.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin müsbət rəyini açıqlayan komitə sədrinin müavini Azər Badamov bildirib ki, sənəd kənd təsərrüfatı təyinatlı torpaqların konsolidasiyası üçün hüquqi zəminin formalaşdırılması, torpaq sahələrinin könüllülük və ekvivalent bazar dəyəri prinsipləri əsasında birləşdirilməsi, bölünməsi və yenidən təşkili mexanizmlərinin müəyyən edilməsi məqsədilə hazırlanıb.

Müzakirədə komitə sədri Siyavuş Novruzov və deputat Vüqar Bayramovun dəyişikliklərə bağlı fikirləri dinlənildikdən sonra qanun layihəsi birinci oxunuşda qəbul olunub.

Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev növbəti məsələ - Torpaq Məcəlləsində, Mülki Məcəllədə, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında”, “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında”, “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 2017-ci il 15 dekabr tarixli 918-VQD nömrəli və “Aqrar sığorta haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı bildirib ki, sənəd "Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı" informasiya sisteminin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin 17 noyabr 2023-cü il tarixli Fərmanının icrası çərçivəsində hazırlanıb.

Dəyişikliklərdə daşınmaz əmlakın dövlət reyestri və kadastrının vahid sistemdə birləşdirilməsi və məlumatların vahid mənbədən əldə edilməsinin və saxlanılmasının təmin edilməsi nəzərdə tutulur. Təklif olunan dəyişikliyə əsasən, dövlət kadastrına daxil edilməli olan məlumatların dairəsi və həmin məlumatların dövlət kadastrına daxil olma əsasları konkretləşdirilir. Bununla daşınmaz əmlakın dövlət reyestrinin əmlakın təsvirinə dair müvafiq fəslinin məlumatları ilə kadastr məlumatları birləşdirilərək informasiya sisteminin tamlığı təmin ediləcək.

Qeyd olunub ki, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanunun qüvvədə olan redaksiyasında hüquqların qeydiyyatı üçün nəzərdə tutulan 10 iş günü müddəti kəskin azaldılaraq 1 iş günü olaraq təyin olunur. Vurğulanıb ki, dəyişiklik daşınmaz əmlak bazarında çevikliyin təmininə və xərclərin azaldılmasına xidmət edir.

Layihəyə görə, dövlət reyestri "Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı" informasiya sistemi vasitəsilə elektron üsulla aparılacaq. Həmçinin torpaq sahəsi daşınmaz əmlakın bir növü olduğundan kadastrın ayrı-ayrı əmlak növləri üçün fərqli tənzimlənməsi və aparılması əvəzinə ölkə üzrə vahid daşınmaz əmlak kadastrı yaradılacaq. Bundan başqa layihədə tikintisinə icazə tələb olunan tikinti obyektləri üzərində hüquqların dövlət qeydiyyatının optimallaşdırılması, tikintisi başa çatmamış binalarda mənzil satışlarının tənzimlənməsi, vətəndaşlara qeydiyyat orqanına fiziki olaraq gəlmədən internet üzərindən (EHİS vasitəsilə) ölkənin istənilən yerində yerləşən əmlakına dair ərizənin verilməsi və hazır sənədin əldə edilməsi imkanı nəzərdə tutulub.

Layihə ilə bağlı komitələrinin rəyini diqqətə çatdıran İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədrinin müavini Azər Badamov və Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nurlan Həsənov dəyişikliklərin üstünlüklərindən danışıblar, xidmətlərin elektronlaşmasının, daşınmaz əmlakın qeydiyyatı və mülkiyyət sənədlərinin vahid qaydada tənzimlənməsinin əhəmiyyətini vurğulayıblar.

Qanun layihəsi birinci oxunuşda qəbul olunub.

Növbəti qanun layihəsi - İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş) barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov məlumat verib.

O, deyib ki, təklif olunan dəyişikliklər əsasən Milli Məclisdə müzakirədə olan müvafiq qanun layihələrində nəzərdə tutulan normalara və təkmilləşdirmələrə uyğun hazırlanıb. Məruzəçi layihədə inzibati xəta törətmiş psixi problemi olan şəxsə psixiatriya müayinəsi və yardımı ilə bağlı, kibertəhlükəsizlik sahəsində normativ hüquqi aktların tələblərinin pozulmasına görə müəyyən edilən məsuliyyət növlərindən danışıb. Həmçinin yalançı sahibkarlıq fəaliyyəti, toxumçuluq, istehlakçı hüquqlarının müdafiəsi, qumar oyunlarında iştirak və digər sahələrdə inzibati məsuliyyət normalarının dəqiqləşdirilməsi ilə bağlı dəyişiklikləri diqqətə çatdırıb.

Layihə barədə deputat Nizami Səfərovun fikirləri dinlənildikdən sonra sənəd səsə qoyularaq birinci oxunuşda qəbul olunub.

“Tibbi sığorta haqqında” və “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov məlumat verib.

Komitə sədri bildirib ki, qanun layihəsi Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 19 mart tarixli 631 nömrəli "Əhalinin icbari tibbi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bir sıra tədbirlər haqqında" Fərmanının icrası məqsədilə hazırlanıb. Qeyd olunub ki, qanunvericiliyə icbari tibbi sığorta fondu anlayışı əlavə edilir, həmçinin icbari tibbi sığortanın tətbiqi ilə bağlı əməliyyatların vahid informasiya sistemi vasitəsilə elektron qaydada həyata keçirilməsinin hüquqi əsasları müəyyən olunur. Dəyişikliklərə əsasən, xəstələrin ambulator müalicəsi üçün icbari tibbi sığorta ilə qarşılanan dərman vasitələri apteklər tərəfindən həmin informasiya sisteminə ötürülmüş elektron resept əsasında buraxılacaq. Həmçinin icbari tibbi sığorta şəhadətnaməsinin elektron formada yaradılması nəzərdə tutulur.

Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev rəhbərlik etdiyi komitənin müsbət rəyini bildirəndən sonra qanun layihəsi birinci oxunuşda qəbul olunub.

Miqrasiya Məcəlləsində, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” və “Dövlət rüsumu haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov məlumat verib.

O, bildirib ki, qanun layihəsinin əsas məqsədi əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması ilə bağlı inzibati prosedurların elektronlaşdırılması və sənəd dövriyyəsinin sadələşdirilməsidir.

Dəyişikliklərə əsasən, müvəqqəti olma müddətinin uzadılması barədə qərarın kağız formada deyil, elektron sənəd formasında tərtib edilməsi, müraciət edənin Elektron Hökumət İnformasiya Sistemindəki elektron kabinetinə yerləşdirilməsi və elektron poçt ünvanına göndərilməsi təklif olunur. Eyni zamanda, müvəqqəti olma müddətinin uzadılmasından imtina əsasları dəqiqləşdirilir, qərarın yenidən verilməsi ilə bağlı dövlət rüsumunun tutulmaması nəzərdə tutulur.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi sədri Azər Əmiraslanov məsələ barədə komitəsinin müsbət rəyini səsləndirəndən sonra qanun layihəsi birinci oxunuşda qəbul olunub.

“Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) haqqında Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü Bədəl Bədəlov məlumat verib.

O, diqqətə çatdırıb ki, qanun layihəsində Enerji effektivliyi fondunun vəsaiti hesabına Enerji Effektivliyi İnformasiya Sisteminin tətbiqi və saxlanılması, altsistemlərinin yaradılması, habelə fondun fəaliyyəti ilə bağlı proqram təminatının əldə edilməsi, eyni zamanda enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi sahəsində informasiya təminatı və maarifləndirmə tədbirlərinin həyata keçirilməsi təklif olunub.

Qanun layihəsi enerji səmərəliliyi sahəsində həyata keçirilən maarifləndirmə tədbirlərinin dayanıqlı və uzunmüddətli icrası üçün sabit maliyyə mexanizminin yaradılmasına, enerjidən səmərəli istifadə üzrə davranışların təşviqinə, əhalinin məlumatlılıq səviyyəsinin genişləndirilməsinə, yeni kommunikasiya alətlərinin tətbiqinə və enerjiyə qənaət mədəniyyətinin formalaşmasına yönəldilmişdir.

Qanun layihəsi birinci oxunuşda qəbul olunub.

Bununla Milli Məclisin bugünkü iclası başa çatıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031