Sel səbəbindən Zaqatalada bir poçt şöbəsinin fəaliyyəti müvəqqəti dayandırılıb

Zaqatala rayonu ərazisində müşahidə olunan güclü leysan yağışları nəticəsində baş vermiş sel Zaqatala Regional Poçt Filialının AZ6201 indeksli poçt şöbəsinin binasına ziyan vurub. Hadisə ilə əlaqədar vətəndaşların və əməkdaşların təhlükəsizliyinin təmin edilməsi məqsədilə AZ6201 indeksli poçt şöbəsinin fəaliyyəti müvəqqəti olaraq dayandırılıb.
Azturkxeber.az-ın məlumatına görə, vətəndaşlara göstərilən poçt xidmətlərinin fasiləsiz davam etdirilməsi təmin olunub. Hazırda AZ6201 indeksli poçt şöbəsinin təqdim etdiyi bütün xidmətlər Zaqatala Regional Poçt Filialının AZ6200 indeksli Müştəri Xidmətləri Şöbəsi tərəfindən həyata keçirilir. Bu səbəbdən müştərilər poçt xidmətlərindən əvvəlki qaydada istifadə edə bilərlər.
Hazırda selin yaratdığı fəsadların aradan qaldırılması, dəymiş ziyanın qiymətləndirilməsi və AZ6201 indeksli poçt şöbəsinin fəaliyyətinin ən qısa müddətdə bərpa olunması istiqamətində müvafiq tədbirlər görülür.
Əlavə məlumat almaq istəyən vətəndaşlar 169 Çağrı Mərkəzi ilə əlaqə saxlaya bilərlər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: