azturkxeber.az
http://azturkxeber.az

Milli Məclisin sədri Sahibə Qafarova Parlamentlərarası İttifaqın "Silahlı münaqişələr zamanı ətraf mühitin mühafizəsi" mövzusunda videokonfransında çıxış edib

09-07-2026

Milli Məclisin sədri Sahibə Qafarova iyulun 9-da Parlamentlərarası İttifaqın "Silahlı münaqişələr zamanı ətraf mühitin mühafizəsi" mövzusunda videokonfransında çıxış edib.

Spiker Sahibə Qafarova çıxışında silahlı münaqişələr zamanı ətraf mühitin qorunmasının təkcə ekoloji olmadığını, bunun humanitar, hüquqi və təhlükəsizlik baxımından zəruri bir məsələ olduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, silahlı münaqişələr təkcə insan faciələrinə deyil, həm də ekosistemlərə, biomüxtəlifliyə, su ehtiyatlarına və kənd təsərrüfatı ərazilərinə uzunmüddətli ziyan vurur. Bu isə dayanıqlı inkişafı zəiflədir və gələcək nəsillərə mənfi təsir göstərir.

Beynəlxalq humanitar hüququn silahlı münaqişələr zamanı ətraf mühitin qorunması üçün mühüm hüquqi çərçivə yaratdığını vurğulayan Milli Məclisin sədri qeyd edib ki, onun effektivliyi milli səviyyədə tətbiqindən asılıdır. O, bu baxımdan parlamentlərin rolunu qeyd edib. Bildirilib ki, qanunvericilik orqanları beynəlxalq humanitar hüququn prinsiplərinin milli qanunvericilikdə əks etdirilməsini təmin etmək, onların icrasına nəzarəti gücləndirmək, ətraf mühitə vurulan zərərə görə hüquqi məsuliyyət mexanizmlərinin təkmilləşdirilməsinə töhfə vermək və beynəlxalq əməkdaşlıq vasitəsilə münaqişədən sonrakı ekoloji bərpa prosesini dəstəkləməklə mühüm rol oynayır.

Parlamentin spikeri çıxışında Azərbaycanın təcrübəsində silahlı münaqişələrin ətraf mühit üçün yaratdığı dağıdıcı nəticələri tədbir iştirakçılarının diqqətinə çatdırıb. Bildirilib ki, otuz il davam etmiş işğal dövründə işğaldan zərər çəkmiş ərazilərə genişmiqyaslı ekoloji ziyan vurulmuş, meşələr qırılmış, torpaqlar deqradasiyaya uğramış, su ehtiyatları çirkləndirilmiş, biomüxtəliflik məhv edilmiş və təbii sərvətlər qanunsuz istismar olunmuşdur. Bundan əlavə, Sahibə Qafarova deyib ki, ərazilərdə basdırılmış bir milyondan artıq mina həm insanlar, həm də təbiət üçün ciddi təhlükə yaratmaqda davam edir, ekoloji bərpa prosesini və məcburi köçkünlərin təhlükəsiz qayıdışını ləngidir.

Milli Məclisin sədri qeyd edib ki, bu gün Azərbaycan işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı humanitar minatəmizləmə, ekosistemlərin bərpası, meşələrin salınması və yaşıl enerji layihələrini həyata keçirir. Azərbaycan parlamenti ölkənin müvafiq beynəlxalq konvensiyalar üzrə öhdəliklərinə uyğun olaraq, yeni qanunlar qəbul etmək və mövcud qanunlara düzəlişlər etməklə milli hüquqi çərçivəni gücləndirməyə davam edir. Bundan əlavə, 2024-cü ildə Milli Məclis Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə dəyişiklik etmiş, Məcəlləyə "Ekosid" adlı maddə əlavə edib və ekosidi sülh və bəşəriyyət əleyhinə cinayət kimi təsbit edib. Həmçinin “Kimyəvi silahın hazırlanması, istehsalı, artırılması (yığılması) və tətbiq edilməsinin qadağan olunması və onun məhv edilməsi haqqında” və “Minatəmizləmə fəaliyyəti haqqında” qanunlar qəbul olunub.

Spiker Sahibə Qafarova həmçinin 2024-cü ilin noyabr ayında Bakıda Parlamentlərarası İttifaq və Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən COP29 çərçivəsində birgə təşkil edilmiş Parlament Görüşündə qəbul olunan Yekun Sənədi xüsusi vurğulayaraq, qeyd edib ki, həmin sənəd parlamentləri münaqişələrin ətraf mühitə təsirlərinin qarşısını almağa, minaların və partlamamış hərbi sursatların vurduğu ekoloji zərər barədə məlumatlılığı artırmağa və ekosidlə mübarizə sahəsində qanunvericilik təşəbbüslərini gücləndirməyə çağırır. Onun sözlərinə görə, bu tövsiyələr COP29-a ev sahibliyi etmiş ölkə kimi Azərbaycanın uzunmüddətli mövqeyini tam şəkildə əks etdirir: ətraf mühitin qorunması münaqişələrin qarşısının alınmasının, münaqişədən sonrakı bərpa prosesinin və dayanıqlı sülhün təmin edilməsinin ayrılmaz tərkib hissəsi olmalıdır.

Çıxışının sonunda spiker Sahibə Qafarova bir daha beynəlxalq humanitar hüququn həyata keçirilməsini daha da gücləndirmək və gələcək nəsillər üçün daha təhlükəsiz və dayanıqlı bir gələcəyi təmin etmək məqsədilə birgə səyləri davam etdirməyə çağırıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031