Nəsimi rayonunda 70 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyatlar keçirilib.
Azturkxeber.az xəbər verir ki, tədbirlərlə paytaxt ərazisində narkokuryerliklə məşğul olmaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 51 yaşlı Ədalət Qədimovdan 22 kiloqram 210 qram marixuana, 44 yaşlı Elvin Əhmədovdan 29 kiloqram 770 qram marixuana, 39 yaşlı Günel Tağıyeva və tanışı, 45 yaşlı Aydın Qurbanovdan isə 18 kiloqram 615 qram marixuana aşkarlanıb.
Son əməliyyatlar nəticəsində ümumilikdə 70 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb. Saxlanılan şəxslər ifadələrində narkotik vasitələri paytaxt ərazisində müxtəlif ünvanlara çatdıraraq qanunsuz dövriyyəsini təşkil etməyi planlaşdırdıqlarını bildiriblər.
Faktlarla bağlı cinayət işləri başlanılıb. Məhkəmənin qərarı ilə saxlanılan şəxslərin hər biri barəsində həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən cari ilin əvvəlindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyatlar zamanı ümumilikdə 237 kiloqram narkotik vasitə və psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: