AZAL-ın Yay Təcrübə Proqramına müraciətlərin sayı 4 dəfədən çox artıb
Azərbaycan Hava Yollarının (AZAL) gələcəyin aviasiya mütəxəssislərinin hazırlanmasına yönəlmiş insan kapitalı strategiyası çərçivəsində həyata keçirdiyi Yay Təcrübə Proqramının yeni mövsümünə start verib.
AZAL-dan bildirilib ki, proqram çərçivəsində seçilmiş tələbələr üçün açılış tədbiri keçirilib. Tədbirdə iştirakçılara şirkətin fəaliyyət istiqamətləri, korporativ dəyərləri, təcrübə müddətində qoşulacaqları layihələr, peşəkar inkişaf imkanları və gələcək karyera perspektivləri barədə ətraflı məlumat verilib.
Bildirilib ki, bu il çoxmərhələli seçim prosesini uğurla başa vuran 100 tələbə AZAL-ın müxtəlif struktur bölmələrində yay təcrübəsinə başlayıb. Təcrübə müddətində onlar peşəkar mentorların dəstəyi ilə real iş mühitində praktiki bilik və bacarıqlar qazanacaq, aviasiya sahəsinin müxtəlif istiqamətləri ilə yaxından tanış olacaqlar.
Qeyd olunub ki, Yay Təcrübə Proqramı tələbələr üçün praktiki təcrübə imkanları yaratmaqla yanaşı, şirkətin gələcək kadr ehtiyatının formalaşdırılmasına xidmət edən uzunmüddətli inkişaf platformasıdır. Bu məqsədlə AZAL ali təhsil müəssisələri ilə əməkdaşlığı genişləndirərək tələbələrin nəzəri biliklərini real iş mühitində tətbiq etmələrinə, peşəkar bacarıqlar qazanmalarına və aviasiya sahəsində karyera qurmalarına dəstək verir.
Məlumata əsasən, AZAL ilə Milli Aviasiya Akademiyası arasında qurulan əməkdaşlıq bu istiqamətdə xüsusi əhəmiyyət daşıyır. Belə ki, 2023-2025-ci illərdə proqram çərçivəsində akademiyanın 300-dən çox tələbəsi şirkətin müxtəlif struktur bölmələrində təcrübə keçib. Onlardan 60 nəfəri proqramı uğurla başa vurduqdan sonra AZAL-da daimi işlə təmin olunaraq peşəkar fəaliyyətini şirkətdə davam etdirir.
Son illərdə proqrama marağın əhəmiyyətli dərəcədə artdığı vurğulanıb. Belə ki, 2023-cü illə müqayisədə cari ildə proqrama müraciət edən tələbələrin sayı 4 dəfədən çox artaraq 506 nəfərə çatıb. Bu göstəricinin gənclərin aviasiya sahəsinə artan marağını, eyni zamanda AZAL-ın etibarlı işəgötürən və peşəkar inkişaf üçün cəlbedici platforma kimi mövqeyinin daha da möhkəmləndiyini nümayiş etdirdiyi bildirilib.
Qeyd edilib ki, bu il seçilmiş iştirakçılar arasında əsasən kompüter mühəndisliyi, aviasiya və aerokosmik mühəndislik kimi texniki ixtisaslarda təhsil alan tələbələr üstünlük təşkil edir. Bu yanaşmanın AZAL-ın strateji inkişaf prioritetlərinə uyğun peşəkar insan kapitalının formalaşdırılmasına yönəlmiş siyasətinin tərkib hissəsi olduğu vurğulanıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:



