“Politico”: NATO-nun Rusiya ilə həmsərhəd ölkələri müdafiə qabiliyyətini gücləndirir

Rusiya və Belarusla həmsərhəd olan NATO-ya üzv ölkələr mümkün hərbi münaqişə ehtimalı fonunda müdafiə qabiliyyətini gücləndirirlər.
Azturkxeber.az xəbər verir ki, bu barədə “Politico” qəzeti yazıb.
Nəşrin məlumatına görə, ABŞ Prezidenti Donald Tramp İranla müharibədən sonra Avropadakı müttəfiqlərinin Vaşinqtonu Tehranla münaqişədə dəstəkləməməsini əsas gətirərək NATO-dan çıxmaq ehtimalını dilə gətirib.
Məqalədə bildirilir ki, Finlandiya ÜDM-nin təxminən 3 faizini müdafiəyə xərcləyir və NATO qarşısında götürdüyü öhdəliklərə uyğun olaraq bu göstəricini 2035-ci ilədək 5 faizə çatdırmağı planlaşdırır. Ölkənin Hərbi Hava Qüvvələrinin yaxın aylarda ABŞ istehsalı olan F-35 qırıcı təyyarələrini təhvil alacağı gözlənilir. Bununla belə, nəşr qeyd edir ki, Finlandiya Silahlı Qüvvələri pilotsuz uçuş texnologiyalarının tətbiqi sahəsində hələ də geridə qalır.
Polşa isə beton maneələr, sensor sistemləri, pilotsuz uçuş aparatları və ordusunun sürətlə genişləndirilməsi hesabına müdafiə imkanlarını artırır. Ölkə Belarus və Rusiyanın Kalininqrad vilayəti ilə sərhədlər boyunca müdafiə istehkamlarının tikintisinə milyardlarla dollar sərmayə yatırır.
Baltikyanı ölkələr – Litva, Latviya və Estoniya da birgə həyata keçirdikləri Baltik Müdafiə Xətti layihəsi çərçivəsində müdafiə qabiliyyətini gücləndirirlər. Layihə tank əleyhinə xəndəklərin, bunkerlərin və mina sahələrinin yaradılmasını, orduların genişləndirilməsini, beton maneələrin və sensor sistemlərinin quraşdırılmasını, pilotsuz uçuş aparatlarından istifadənin artırılmasını və yeni müdafiə xətlərinin qurulmasını nəzərdə tutur.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: