Baş Prokurorluq Tbilisidə azərbaycanlı qadının qətli ilə bağlı açıqlama yaydı

Baş Prokurorluğun Mətbuat xidmətindən sorğularayacavab olaraq bildirilib ki, Gürcüstanın Tbilisi şəhərində Azərbaycan Respublikasının vətəndaşı Fatimə Kərimovanın qəsdən öldürülməsi faktı ilə bağlı həmin ölkənin prokurorluq orqanları tərəfindən başlanmış cinayət işi üzrə ibtidai istintaq diqqətlə izlənilir.
Azturkxeber.az xəbər verir ki, Hazırda cinayət əməlini törətməkdə şübhəli bilinən şəxs – zərərçəkmişin qohumu barəsində müvafiq prosessual tədbirlər görülür. Onun saxlanılması və cinayət məsuliyyətinə cəlb edilməsinin təmin olunması istiqamətində zəruri tədbirlər həyata keçirilir.
Hadisənin ictimai əhəmiyyəti, eləcə də zərərçəkmişin Azərbaycan Respublikasının vətəndaşı olması nəzərə alınaraq, Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən Gürcüstan Prokurorluğuna rəsmi müraciət ünvanlanıb. Müraciətdə cinayət işinin tam, hərtərəfli və obyektiv araşdırılması, bütün halların qanunvericiliyin tələblərinə uyğun müəyyən edilməsi, habelə zərurət yarandığı təqdirdə beynəlxalq hüquqi əməkdaşlıq çərçivəsində istintaqa hərtərəfli hüquqi yardımın və digər zəruri dəstəyin göstərilməsinə hazır olunduğu bildirilib.
Azərbaycan Respublikasının Baş Prokurorluğu bir daha vurğulayır ki, Azərbaycan vətəndaşlarının həyat və sağlamlığına, eləcə də qanunla qorunan digər hüquq və mənafelərinə qarşı törədilən cinayət əməllərinə münasibətdə prinsipial mövqe tutur. Belə halların ölkə hüdudlarından kənarda baş verməsindən asılı olmayaraq, vətəndaşlarımızın hüquq və qanuni mənafelərinin müdafiəsi daim diqqət mərkəzində saxlanılır.
Bu məqsədlə xarici dövlətlərin səlahiyyətli orqanları ilə beynəlxalq hüquqi əməkdaşlıq çərçivəsində qarşılıqlı hüquqi yardımın göstərilməsi, cinayətlərin tam və obyektiv araşdırılmasına dəstək verilməsi istiqamətində zəruri tədbirlər bundan sonra da ardıcıl şəkildə davam etdiriləcəkdir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: