Oğuzda kənd yollarının yenidən qurulması davam edir: 17 kilometrlik layihənin 9,2 kilometri tamamlanıb
Oğuz rayon "11 nömrəli Yol İstismarı" MMC, ümumilikdə, 223 kilometr uzunluqda avtomobil yoluna xidmət göstərir. Bu yolların 71 kilometri respublika, 152 kilometri isə yerli əhəmiyyətli avtomobil yollarıdır.
Azturkxeber.az xəbər verir ki, Oğuz rayonunda bir sıra yaşayış məntəqələrinin yol infrastrukturunun yenidən qurulması istiqamətində işlər davam etdirilir. Dövlət investisiya vəsaiti hesabına rayonun Calut və Yemişənli kəndlərində yeni asfalt yollar salınaraq istifadəyə verilib. Hazırda isə Tərkeş kəndində yol tikintisi işləri aparılır. Növbəti mərhələdə Dəymədərə, Mollalı və Dəymədağlı kəndlərində də yol infrastrukturunun yenilənməsi nəzərdə tutulur.
Uzun illər yolsuzluq problemi yaşayan yaşayış məntəqələri arasında rayonun ucqar hissəsində yerləşən Mollalı və Dəymədağlı kəndləri də var. Mollalı kəndinə yalnız Nazarçay üzərindəki suötürücü keçiddən keçməklə getmək mümkün idi. Lakin bu il yağan güclü leysan və sel suları həmin keçidi dağıdaraq kənd sakinlərinin gediş-gəlişində ciddi çətinliklər yaradıb.
Hazırda dövlət investisiya layihəsi çərçivəsində Nazarçay üzərində yeni körpünün tikintisinə başlanılıb. Sakinlər ümid edirlər ki, körpü istifadəyə verildikdən sonra kəndlə nəqliyyat əlaqəsi tam bərpa olunacaq, onların gediş-gəlişi rahatlaşacaq, istehsal etdikləri kənd təsərrüfatı məhsullarını bazarlara daha operativ çatdırmaq mümkün olacaq.
Yeni körpünün inşası başa çatdıqdan sonra Mollalı kəndinə aparan yolun da əsaslı şəkildə yenidən qurulacağı gözlənilir.
Hazırda Tərkeş kəndində dövlət investisiya vəsaiti hesabına 2,2 kilometrlik yol yatağı yenidən qurulur, suötürücü borular və digər mühəndis qurğuları quraşdırılır. Bundan əvvəl isə tikinti briqadası Calut və Yemişənli kəndlərində asfalt-beton örtüyünün salınmasını başa çatdıraraq yolu sakinlərin istifadəsinə verib.
Yol tikintisinin iş icraçısı Rauf Adıgözəlov Tərkeş kəndində görülən işlərdən danışaraq bildirib ki, qeyri-sabit hava şəraiti işlərin planlaşdırılan tempdə aparılmasına müəyyən təsir göstərsə də, tikintinin keyfiyyətinə ciddi nəzarət olunur. "Hazırda tikintisini apardığımız yolun eni 6 metrdir. Yolun asfalt-beton örtüyü iki qatdan ibarətdir. Alt qatın qalınlığı 7, üst qatın qalınlığı isə 5 santimetr olmaqla, ümumilikdə, 12 santimetr təşkil edir. Bütün işlər standartlara uyğun həyata keçirilir", – deyə Rauf Adıgözəlov vurğulayıb.
Onun sözlərinə görə, bir neçə gün ərzində Tərkeş kəndində işlər yekunlaşdırılacaq və növbəti yaşayış məntəqəsində tikintiyə başlanılacaq.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən isə bildirilib ki, ümumi uzunluğu 17 kilometr olan avtomobil yolu layihəsi üzrə tikinti işləri təsdiq olunmuş qrafikə uyğun davam etdirilir. Artıq yolun 9,2 kilometrlik hissəsində asfalt-beton örtüyünün tikintisi tam başa çatdırılıb. Qalan 7,8 kilometrlik hissədə isə işlər mərhələli şəkildə davam etdirilir.
Layihə çərçivəsində iki yeni körpünün tikintisi nəzərdə tutulur. Körpülərdən biri üzrə dayaq konstruksiyaların inşası tam başa çatdırılıb və hazırda aşırım tirlərinin quraşdırılması mərhələsinə başlanılır. Digər körpünün tikintisinə isə yaxın vaxtlarda start veriləcək.
Layihənin başa çatdırılması nəticəsində yolun nəqliyyat-istismar göstəriciləri əhəmiyyətli dərəcədə yaxşılaşacaq, hərəkətin təhlükəsizliyi və rahatlığı artacaq, yük və sərnişin daşımalarının səmərəliliyi yüksələcək. Eyni zamanda, layihə regionun nəqliyyat infrastrukturunun inkişafına, yaşayış məntəqələri arasında əlaqələrin möhkəmlənməsinə və sosial-iqtisadi fəallığın artmasına mühüm töhfə verəcək.
Qeyd edək ki, hazırda icra olunan layihə çərçivəsində Oğuz rayonunun Dəymədağlı, Tərkeş, Dəymədərə, Yemişənli, Calut və Mollalı kəndlərinin daxili yolları cari il ərzində əsaslı şəkildə yenidən qurularaq sakinlərin istifadəsinə veriləcək.
Dövlət İnvestisiya Proqramı çərçivəsində rayonun Qarabaldır, Dərəməhlə, Xalxal Qışlaq, Malıx, Yenikənd, Yaqublu və Top–Zərrab avtomobil yollarının da əsaslı təmiri nəzərdə tutulur.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:






