azturkxeber.az
http://azturkxeber.az

İtaliya Deputatlar Palatasının komitə sədri ilə görüşdə

02-07-2026

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli İtaliya Deputatlar Palatasının Konstitusiya, şura sədrliyi və daxili işlər məsələləri komitəsinin sədri Nazario Paqano ilə görüşüb.

Azturkxeber.az xəbər verir ki, tərəflər Azərbaycan ilə İtaliya arasında münasibətlərin hazırkı vəziyyəti, əməkdaşlıq məsələləri, eləcə də parlament diplomatiyasının ikitərəfli əlaqələrin daha da inkişafına verə biləcəyi töhfələr barədə fikir mübadiləsi aparıblar.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Azərbaycan–İtaliya münasibətlərinin yüksək səviyyədə inkişaf etdiyini məmnunluqla qeyd edib, bu əlaqələrin möhkəmlənməsində dövlət başçıları arasında formalaşmış səmərəli siyasi dialoqun və yüksəksəviyyəli qarşılıqlı təmasların müstəsna rolunu vurğulayıb. O, İtaliyanın regionda sülhün, sabitliyin və əməkdaşlığın təşviqinə, habelə humanitar proseslərin dəstəklənməsinə verdiyi töhfəni yüksək qiymətləndirərək İtaliya tərəfinə minnətdarlığını bildirib. Komitə sədri, həmçinin 2025-ci ilin dekabrında İtaliya Deputatlar Palatasında Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 30 illiyinə həsr olunmuş tədbirin keçirilməsini parlamentlərarası əməkdaşlığın uğurlu nümunəsi kimi dəyərləndirib və bu təşəbbüsə göstərilən dəstəyə görə təşəkkürünü çatdırıb.

Nazario Paqano isə qarşılıqlı səfərlərin və parlamentlərarası təmasların əməkdaşlığın daha da genişlənməsinə və xalqlarımızın bir-birini daha yaxından tanımasına mühüm töhfə verdiyini bildirib. O, parlament diplomatiyasının və parlamentlərarası əməkdaşlığın gələcəkdə də ikitərəfli münasibətlərin inkişafında mühüm rol oynayacağına əminliyini ifadə edib.

Görüşdə Milli Məclisin İtaliya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azər Kərimli, deputat Nurlan Həsənov, İtaliyanın Azərbaycandakı səfiri Luka Di Canfrançesko parlament təmaslarının genişləndirilməsi, təcrübə mübadiləsi və digər əməkdaşlıq məsələləri ilə bağlı fikirlərini bölüşüblər.

Söhbət parlamentlərimizin gələcək əməkdaşlıq perspektivləri və tərəfləri maraqlandıran digər məsələlərin müzakirəsi ilə davam etdirilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031