Milli Kitabxanada “Bəhram Mansurov. Biblioqrafiya” kitabının təqdimat mərasimi keçirilib



22 iyul tarixində görkəmli tarzən, Azərbaycan Respublikasının Xalq artisti Bəhram Mansurovun anadan olmasının 115 illiyi ilə əlaqədar Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Milli Kitabxana ilə birgə nəşr etdiyi “Bəhram Mansurov. Biblioqrafiya” kitabının Milli Kitabxanada təqdimat mərasimi keçirilib.
Azturkxeber.az xəbər verir ki, Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov qonaqları salamlayaraq bildirib ki, “Bəhram Mansurov. Biblioqrafiya” kitabı Azərbaycan musiqi mədəniyyətinin inkişafında mühüm rol oynamış görkəmli sənətkarın həyat və yaradıcılıq irsinin elmi-biblioqrafik baxımdan sistemləşdirilməsi və geniş ictimaiyyətə çatdırılması məqsədilə hazırlanıb. Direktor qeyd edib ki, nəşrdə Bəhram Mansurovun zəngin yaradıcılıq yolu, özünəməxsus ifaçılıq məktəbi, Azərbaycan muğam sənətinin inkişafına verdiyi mühüm töhfələr, eləcə də onun haqqında aparılmış tədqiqatlar və müxtəlif mənbələrdə dərc olunmuş materiallar geniş şəkildə əks olunub.
Azərbaycan Respublikası Mədəniyyət nazirinin müavini Murad Hüseynov öz çıxışında qeyd edib ki, Bəhram Mansurovun yaradıcılığı milli-mənəvi dəyərlərimizin ayrılmaz tərkib hissəsi olmaqla yanaşı, Azərbaycan musiqisinin beynəlxalq aləmdə tanıdılmasına böyük töhfə vermişdir və görkəmli tarzənin zəngin irsinin öyrənilməsi və təbliği istiqamətində həyata keçirilən layihələr, o cümlədən “Bəhram Mansurov. Biblioqrafiya” kitabı milli musiqi irsinin qorunması baxımından xüsusi əhəmiyyət kəsb edir.
Təqdimat mərasimində çıxış edən Azərbaycan Milli Konservatoriyasının prorektoru, professor Lalə Hüseynova Bakı Musiqi Akademiyasının prorektoru, professor Gülnaz Abdullazadə, Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin bədii rəhbəri, Xalq artisti Ağaverdi Paşayev, Xalq artisti Zamiq Əliyev, professor Nazim Kazımov, Azərbaycan Respublikası Mədəniyyət nazirinin müşaviri Cahangir Səlimxanov və Xalq artisti Eldar Mansurov Bəhram Mansurovun Azərbaycan musiqi mədəniyyətindəki misilsiz xidmətlərindən danışıblar.
Natiqlər çıxışlarında qeyd ediblər ki, Bəhram Mansurov təkcə böyük tarzən və muğam ifaçısı deyil, həm də milli musiqi ənənələrinin qorunub gələcək nəsillərə ötürülməsində mühüm rol oynamış sənətkardır. Onun Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında uzun illər ərzində göstərdiyi fəaliyyət, muğam operalarının inkişafına verdiyi töhfələr və yetişdirdiyi sənətkarlar milli musiqi tariximizin mühüm səhifələrini təşkil edir. Onun ifasında “Çahargah” və “Rast” muğamlarının nota alınması, bir sıra muğamların YUNESKO xətti ilə vallara və CD-lərə yazılaraq dünya miqyasında yayılması milli musiqi irsinin qorunması və beynəlxalq səviyyədə tanıdılması baxımından mühüm hadisədir.
Azərbaycan Milli Kitabxanası tərəfindən nəşr edilən “Bəhram Mansurov. Biblioqrafiya” kitabında sənətkarın həyat və fəaliyyətinin əsas tarixləri, əsərləri, dövri mətbuatda dərc olunmuş məqalələri, onun haqqında yazılmış materiallar, elektron resurslar və dünyanın müxtəlif kitabxanalarında mühafizə olunan məlumatlar sistemli şəkildə toplanıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: