İƏTPİ Konfransının 20-ci sessiyası çərçivəsində bir sıra tədbirlər keçirilib




İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyası çərçivəsində iyunun 22-də təşkilatın bir sıra tədbirləri keçirilib.
Azturkxeber.az xəbər verir ki, sessiya çərçivəsində keçirilən Müsəlman Qadın Parlamentarilərinin 13-cü Konfransına İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqında Azərbaycan nümayəndə heyətinin üzvü Nigar Məmmədova sədrlik edib.
Toplantı çərçivəsində təşkilati məsələlərə baxılıb, müsəlman qadın parlamentarilərinin məruzələri dinlənilib, qadınların sülh quruculuğu proseslərində iştirakı, qadın iştirakçılığının dəstəklənməsi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Tədbirdə İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqında Azərbaycan nümayəndə heyətinin üzvü Tənzilə Rüstəmxanlı məruzəçi seçilib.
Fələstin üzrə daimi komitənin 14-cü iclasına İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqında Azərbaycan nümayəndə heyətinin üzvü Ceyhun Məmmədov sədrlik edib.
Milli Məclisin deputatı Ceyhun Məmmədov çıxış edərək, məsələlərə münasibət bildirib.
Toplantı iştirakçıları gündəlikdəki mövzular ətrafında çıxış edərək, müzakirə olunan məsələlərə dair mövqelərini bildiriblər.
İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyası çərçivəsində qurumun Müsəlman İcmaları və Azlıqlar Komitəsinin 5-ci iclası da keçirilib.
İclasda Milli Məclisin deputatları Ceyhun Məmmədov, Cavanşir Paşazadə və Fazil Mustafa, təşkilata üzv ölkələrin parlament nümayəndələri və digər şəxslər iştirak ediblər.
İclasa Türkiyə Böyük Millət Məclisinin üzvü Abdurrahim Dusak sədrlik edib.
Tədbirdə Azərbaycan parlamentinin deputatı Fazil Mustafa çıxış edərək, müzakirə olunan məsələlərə münasibət bildirib.
İclasda üzv ölkələrin parlament nümayəndə heyətlərinin iştirakı ilə müsəlman icmalarının və azlıqların hüquqlarının müdafiəsi, inklüziv cəmiyyətlərin formalaşdırılması və digər məsələlər müzakirə olunub, müvafiq qərarlar qəbul edilib.
Beləliklə, İƏTPİ Konfransının 20-ci sessiyası çərçivəsində iyunun 22-də keçirilən tədbirlər uğurla başa çatıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: