AZPROMO Daşkənd Beynəlxalq İnvestisiya Forumunda təmsil olunub


5-ci Daşkənd Beynəlxalq İnvestisiya Forumunda Azərbaycanın biznes və investisiya mühiti, ixrac imkanları, eləcə də investorlar üçün yaradılmış şərait barədə məlumat verilib.
Azturkxeber.az xəbər verir ki, ixracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO Baş nazir Əli Əsədovun rəhbərlik etdiyi nümayəndə heyətinin Özbəkistana səfəri çərçivəsində 5-ci Daşkənd Beynəlxalq İnvestisiya Forumunda “Azərbaycan-Özbəkistan azad və sənaye iqtisadi zonalarının potensialı” mövzusunda keçirilən sessiyada və “Mərkəzi Asiyanın İnvestisiyaların Təşviqi Agentliklərinin Dəyirmi Masası: İnvestisiyaların birgə təşviqi üzrə regional platformanın qurulması” adlı tədbirdə təmsil olunub.
Panel sessiyada AZPROMO-nun nümayəndəsi ölkə təqdimatı ilə çıxış edərək Azərbaycanın biznes və investisiya mühiti, makroiqtisadi sabitliyi, qeyri-neft sektorunun inkişafı, nəqliyyat-logistika potensialı və investorlar üçün yaradılmış imkanlar barədə məlumat verib. Bildirilib ki, ölkəmiz regionda dayanıqlı iqtisadi göstəricilərə, əlverişli biznes mühitinə, müasir infrastruktura və investorlar üçün geniş təşviq mexanizmlərinə malik etibarlı tərəfdaş kimi çıxış edir.
Dəyirmi masada Agentliyin fəaliyyət istiqamətləri barədə məlumat verilib. Qeyd edilib ki, investorların yerli tərəfdaşlarla əlaqələndirilməsi, ixrac imkanlarının genişləndirilməsi və rəqəmsal investisiya xidmətlərinin inkişafı Azərbaycanın regional dəyər zəncirlərində mövqeyinin gücləndirilməsinə töhfə verir.
Tədbir sual-cavab sessiyası ilə davam edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: