azturkxeber.az
http://azturkxeber.az

Uşaqların rəqəmsal mühitdə zərərli məzmun və təsirlərdən qorunması müzakirə edilib

19-06-2026

18 iyun 2026-cı il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Uşaqların rəqəmsal mühitdə zərərli məzmun və təsirlərdən qorunması ilə bağlı tədbirlər” mövzusunda ictimai dinləmə keçirilib.

Azturkxeber.az-ın məlumatına görə, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında baş tutan tədbirdə dövlət qurumlarının məsul şəxsləri, media nümayəndələri, sosial media təsirçiləri (blogerlər), vətəndaş cəmiyyəti institutunun təmsilçiləri, psixoloqlar iştirak ediblər.

İctimai dinləmənin təşkilində məqsəd uşaqların sosial şəbəkələrdən istifadəsi ilə bağlı mövcud vəziyyətin, qarşıya çıxan risklərin və qoruyucu mexanizmlərin müzakirəsi, aidiyyəti tərəflərin rəy və təkliflərinin öyrənilməsi, eləcə də uşaqların rəqəmsal təhlükəsizliyinin gücləndirilməsi istiqamətində tövsiyələrin hazırlanmasıdır.

Dinləmədə açılış nitqi ilə çıxış edən Akademiyanın rektoru Urxan Ələkbərov iştirakçıları salamlayaraq, ictimai dinləmənin keçirilməsi təşəbbüsünə görə Dövlət Komitəsinə təşəkkürünü bildirib. O, layihənin əhəmiyyətindən bəhs edərək, uşaqların rəqəmsal təhlükəsizliyinin gücləndirilməsi baxımından vacibliyini vurğulayıb.

Çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, dünyanın sürətlə dəyişdiyini və rəqəmsal texnologiyaların həyatımızın bütün sahələrinə nüfuz etdiyini deyib.

Qlobal rəqəmsal platformaların fəaliyyəti ilə bağlı beynəlxalq təcrübəni qeyd edən sədr, dövlətlərin daha qətiyyətli addımlar atmağa başladığını, Azərbaycanın da bu prosesdən kənarda olmadığını bildirib. O, keçirilən ictimai dinləmənin əsas məqsədinin bütün maraqlı tərəflərin fikirlərini dinləmək, müasir çağırışları birlikdə dəyərləndirmək və uşaqlar üçün daha təhlükəsiz rəqəmsal gələcəyin əsaslarının formalaşdırmasına töhfə vermək olduğunu qeyd edib.

B.Muradova vurğulayıb ki, hədəf uşaqları texnologiyalardan uzaqlaşdırmaq deyil, onların rəqəmsal mühitdə təhlükəsiz, məlumatlı və məsuliyyətli iştirakını təmin etməkdir.

Müzakirəyə çıxarılan qanun layihəsini mühüm hüquqi sənəd kimi qiymətləndirən B.Muradova, layihədə uşaqların rəqəmsal təhlükəsizliyinin gücləndirilməsi, valideyn məsuliyyətinin artırılması, platformaların hesabatlılığının təmin olunması və fərdi məlumatların qorunması ilə bağlı bir sıra mühüm mexanizmlərin nəzərdə tutulduğunu qeyd edib. Həmçinin layihədə sosial şəbəkələrdə yaş məhdudiyyətlərinin tətbiqi və yaşın təsdiqi zamanı əldə olunan məlumatların xüsusi qorunması kimi məsələlərin hüquqi müstəvidə tənzimləndiyini diqqətə çatdırıb.

Zəfərin qazanıldığı dövrdə qarşıya qoyulan hədəflərə çatmaq üçün ailələrin və uşaqların rifahı istiqamətində maneələri aradan qaldırmağın vacibliyindən danışan Bahar Muradova, belə təşəbbüslərlə ölkə Prezidenti İlham Əliyevin müəyyən etdiyi rəqəmsal prioritetlərə ciddi töhfələr verməyin mümkünlüyünü qeyd edib.

Sədr çıxışının sonunda hər kəsi uşaqların, ailələrin təhlükə ilə deyil, imkanlarla qarşılaşdığı, güvənli bir rəqəmsal mühit qurmağa çağırıb.

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Elmin Məmmədov sosial medianın müasir həyatın ayrılmaz hissəsinə çevrildiyini qeyd edib. O, rəqəmsal mühitin uşaqlara və ailələrə təsiri ilə bağlı bir sıra çağırışları səsləndirib, psixoloji asılılıq, şəxsi məlumatların kommersiya məqsədilə istifadəsi və məxfilik hüquqlarının pozulması kimi risklərə diqqət çəkib.

Nazir müavini Sosial Tədqiqatlar Mərkəzinin 2025-ci ildə keçirdiyi sorğunun nəticələrini təqdim edərək bildirib ki, respondentlərin 56,5 faizi sosial medianı uşaqlar üçün zərərli hesab edir, 66,5 faizi isə uşaqların gündə 5 saatdan artıq vaxtını sosial şəbəkələrdə keçirdiyini qeyd edib. Bildirib ki, sorğu iştirakçılarının 38 faizi sosial şəbəkələrdən həddindən artıq istifadənin psixoloji problemlərə səbəb olduğunu, bir qismi asılılıq yaratdığını, digərləri isə yuxu pozuntularına, görmə problemlərinə və təhsildən yayınmaya gətirib çıxardığını düşünür.

Layihənin məqsədlərindən danışan E.Məmmədov, bu sahədə beynəlxalq təcrübələrin öyrənildiyini və Azərbaycanda həyata keçirilən təşəbbüslərin də uğurlu xarici təcrübələrə əsaslandığını qeyd edib.

Gənclər və idman nazirinin müavini İndira Hacıyeva, uşaqların rəqəmsal mühitdə zərərli məzmundan qorunmasının vacibliyinə diqqət çəkərək, bu istiqamətdə valideynlərin rolunu qeyd edib. O, zərərli kontentin uşaqların psixoloji və sosial inkişafına göstərə biləcəyi mənfi təsirlərdən danışaraq, rəqəmsal mühitdə qarşıya çıxan risklərin vaxtında müəyyənləşdirilməsi və qarşısının alınmasının vacibliyini vurğulayıb. İ.Hacıyeva, texnologiyaların sürətlə inkişaf etdiyi dövrdə dövlətlərin və beynəlxalq təşkilatların yeni çağırışlara operativ reaksiya verməsinin mümkün mənfi nəticələrin qarşısını almaqda mühüm rol oynadığını bildirib.

Çıxış zamanı süni intellekt texnologiyalarının yaratdığı geniş imkanlarla yanaşı, bu sahədə meydana çıxan yeni risklərə də diqqət çəkilib. Qeyd olunub ki, texnoloji yeniliklərin cəmiyyətə təsirinin düzgün idarə olunması üçün müvafiq tənzimləmə mexanizmlərinin formalaşdırılması və qərarların vaxtında qəbul edilməsi xüsusi əhəmiyyət daşıyır. Nazir müavini bu istiqamətdə atılan addımları texnoloji transformasiya proseslərinə verilən zəruri və çevik reaksiya kimi dəyərləndirib.

Rəsmi çıxışlar dinlənildikdən sonra mövzu dərindən təhlil edilib.

✅Müzakirələrdə çıxış edən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev qeyd edib ki, rəqəmsal platformalarda yaranan yeni çağırışlara vaxtında və adekvat reaksiya verilməsi mühüm əhəmiyyət daşıyır. Natiqin sözlərinə görə, son illər daxil olan müraciətlərin əhəmiyyətli hissəsi sosial şəbəkələr və rəqəmsal mühitdə baş verən hüquqpozmalara aiddir. O, saxta profillər, kiberfırıldaqçılıq və digər rəqəmsal risklərin uşaqlar üçün yaratdığı təhlükələrdən danışaraq, layihəni bu istiqamətdə hüquq-mühafizə orqanlarının fəaliyyətinə dəstək verən mühüm təşəbbüs kimi qiymətləndirib.

Daha sonra çıxış edən Elm və Təhsil Nazirliyinin Uşaqların Müdafiəsi İdarəsinin rəis müavini Günel Səfərova və Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti başçısının müavini, Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Könül Axundova rəqəmsal mühitdə tənzimləyici normaların və məsuliyyətli davranış prinsiplərinin əhəmiyyətinə diqqət çəkiblər. Çıxışlarda sosial şəbəkələrdən intensiv istifadənin uşaqların canlı ünsiyyət imkanlarını azaltdığı, asudə vaxt fəaliyyətlərinin məhdudlaşmasına səbəb olduğu və onların məlumat əldə etmə mənbələrinin getdikcə daha çox virtual mühitə yönəldiyi vurğulanıb. Bu istiqamətdə maarifləndirmə tədbirlərinin genişləndirilməsi, uşaqların və valideynlərin rəqəmsal savadlılığının artırılması ilə bağlı bir sıra təkliflər səsləndirilib.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İxtisaslı tibbi xidmətin təşkili departamenti, Ana və uşaq sağlamlığı şöbəsinin müdiri Sevinc Məmmədova, Səhiyyə Nazirliyi 2 nömrəli Klinik Psixiatriya Xəstəxanasının klinik psixoloqu, psixoterapevt Rövşən Nəcəfov, və Respublika Pediatriya Mərkəzi və “Leyla Medical Center”-in psixoloqu Mahizər Əliyeva, rəqəmsal platformaların uşaqlarda ekran və internet asılılığı kimi problemlərin də formalaşdırdığını deyiblər. Qeyd edilib ki, rəqəmsal mühitdə formalaşan virtual kimlik bəzi hallarda uşağın real sosial münasibətlərinə və özünüifadə bacarıqlarına təsir göstərir. Natiqlər ekran asılılığının, sosial təcrid olunmanın, ünsiyyət bacarıqlarının zəifləməsinin və digər psixoloji təsirlərin yeniyetmələr arasında daha qabarıq müşahidə olunduğunu vurğulayaraq, bu sahədə balanslı yanaşmanın və müəyyən məhdudiyyət mexanizmlərinin tətbiqinin əhəmiyyətindən danışıblar.

Daha sonra çıxış edən Dövlət Komitəsi yanında İctimai Şuranın üzvü Şəmil Sadıqov və “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin aparıcı jurnalisti Ramal Hüseynov, uşaqların rəqəmsal mühitdən uzaqlaşdırılmasının deyil, onlar üçün təhlükəsiz və faydalı rəqəmsal məzmunun yaradılmasının daha effektiv yanaşma olduğunu vurğulayıblar. Onlar uşaqlara yönəlmiş maarifləndirici, inkişafetdirici kontentin artırılması ilə bağlı fikir və təkliflərini bölüşüblər.

İctimai dinləmə müzakirələrlə davam edib. Uşağın inkişafında ailə, məktəb və cəmiyyət əməkdaşlığının əhəmiyyəti, valideynlərin maarifləndirilməsi istiqamətində sistemli fəaliyyətin genişləndirilməsinin vacibliyi qeyd olunub. Həmçinin mütəxəssislərlə birgə işin gücləndirilməsi ilə bağlı təkliflər səsləndirilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2026    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930