azturkxeber.az
http://azturkxeber.az

Milli Məclisdə 14 məsələ müzakirə olunub

19-06-2026

İyunun 19-da Milli Məclisin növbəti iclası keçirilib.

Azturkxeber.az xəbər verir ki, Milli Məclisin sədri Sahibə Qafarova iclasın gündəliyində 14 məsələnin olduğunu deyib. Bildirib ki, birinci məsələ “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsidir (ikinci oxunuş).

Sədr bu məsələ ilə əlaqədar Hökumət üzvlərinin, Hesablama Palatası rəhbərliyinin və digər vəzifəli şəxslərin iclasda iştirak etdiyini bildirib.

Məsələ barədə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi sədrinin müavini Azər Badamov məlumat verib.

Məsələ ilə bağlı müzakirələrdə parlamentin komitə sədri Zahid Oruc, deputatlar Vüqar Bayramov, Kamal Cəfərov, Samir Vəliyev, Soltan Məmmədov çıxış edərək öz fikir və qeydlərini səsləndiriblər.

Sonra qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Sahibə Qafarova gündəliyin növbəti iki məsələsinin üçüncü oxunuşda qanun layihələri olduğunu söyləyib. O, ikinci məsələ olan Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (üçüncü oxunuş) barədə məlumat vermək üçün İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi sədrinin müavini Azər Badamova söz verib.

O bildirib ki, qanun layihəsi gömrük sahəsində hüquqi tənzimləmənin təkmilləşdirilməsinə, gömrük inzibatçılığının səmərəliliyinin artırılmasına və xarici iqtisadi fəaliyyət iştirakçıları üçün daha əlverişli şəraitin yaradılmasına xidmət edir.

“Dövlət qulluğu haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş) ilə bağlı Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.

Bu qanun layihələri üçüncü oxunuşda qəbul edilib.

Gündəliyin dördüncü məsələsi olan “Azərbaycan Respublikası Hökuməti ilə Ekvador Respublikası Hökuməti arasında diplomatik, rəsmi və xidməti pasport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsini müzakirəyə təqdim edən Sahibə Qafarova xatırladıb ki, layihə beynəlxalq sənədlə bağlı olduğu üçün “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun tələbinə əsasən bir oxunuşda qəbul ediləcək.

Qanun layihəsi barədə məlumat verən parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirib ki, "Azərbaycan Respublikası Hökuməti ilə Ekvador Respublikası Hökuməti arasında diplomatik, rəsmi və xidməti pasport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında Saziş" 4 may 2026-cı ildə Kito şəhərində imzalanıb. Sazişin məqsədi hər iki dövlətin etibarlı diplomatik, rəsmi və xidməti pasportlara malik olan vətəndaşlarının səyahətlərini asanlaşdırmaqdır.

Məsələ ilə bağlı deputat Hikmət Məmmədovun fikirləri dinlənildikdən sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Gündəliyin beşinci məsələsi olan “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Konstitusiya qanununun layihəsi (birinci oxunuş) ilə bağlı məlumatı parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli təqdim edib. O, bildirib ki, "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Konstitusiya Qanununa təklif olunan dəyişikliklər media sahəsində fəaliyyət göstərən tənzimləyici qurumun səlahiyyətlərinin genişləndirilməsi ilə əlaqədar onun adının dəyişdirilərək "Media və Yayım Şurası" ilə əvəz olunmasını nəzərdə tutur.

Altıncı məsələ olan “Dövlət qulluğu haqqında” və “Media haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı məlumatı İnsan hüquqları komitəsinin sədri Zahid Oruc diqqətə çatdırıb.

Komitə sədri bildirib ki, qanun layihəsinə əsasən, mövcud Audiovizual Şura və Medianın İnkişafı Agentliyinin bazasında kollegial idarəetmə sisteminə malik vahid qurum – Media və Yayım Şurası yaradılır. O, bu dəyişikliyi media sahəsində yeni nəsil tənzimləmə modelinə keçid kimi dəyərləndirib, təklif olunan layihənin dövlətin milli informasiya məkanının hibrid hücumlardan qorunması, regional və beynəlxalq məkanda yaranan çağırışlara uyğun media strukturlarının gücləndirilməsi, institusional mexanizmlərin təkmilləşdirilməsi baxımından əhəmiyyətindən danışıb.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin qanun layihəsi ilə bağlı müsbət rəyini komitənin sədri Əli Hüseynli diqqətə çatdırıb.

Məsələlərin müzakirəsində komitə sədrləri Siyavuş Novruzov və Hicran Hüseynova, deputatlar Razi Nurullayev, Sevil Mikayılova, Sahib Alıyev, Elçin Mirzəbəyli, Vüqar Rəhimzadə, Azər Allahverənov, Rəşad Mahmudov və Bəhruz Məhərrəmov çıxış edərək qanun layihəsinin mütərəqqi xarakter daşıdığını, təklif olunan dəyişikliklərin mühüm əhəmiyyət kəsb etdiyini bildiriblər.

Sonra qanun layihələri ayrı-ayrı səsə qoyularaq birinci oxunuşda qəbul olunub.

Ticarət Gəmiçiliyi Məcəlləsində, “Yol hərəkəti haqqında”, “Nəqliyyat haqqında”, “Dövlət rüsumu haqqında”, “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında”, “Avtomobil nəqliyyatı haqqında” və “Aviasiya haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) müzakirəyə təqdim edən Sahibə Qafarova bildirib ki, məsələ ilə bağlı rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov iclasda iştirak edir.

Qanun layihəsi barədə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi sədrinin müavini Azər Badamov məlumat verib. O bildirib ki, qanun layihəsi avtonom nəqliyyat vasitələrinin tətbiqi üçün normativ hüquqi, texnoloji və institusional bazanın yaradılmasının təmin edilməsi məqsədilə hazırlanıb.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli qanun layihəsi ilə bağlı komitəsinin müsbət rəyini diqqətə çatdırıb.

Müzakirədə deputatlar Göydəniz Qəhrəmanov, Hikmət Məmmədov və Erkin Qədirlinin fikirləri dinlənildikdən sonra layihə səsə qoyularaq birinci oxunuşda qəbul olunub.

Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 2025-ci il 9 dekabr tarixli 307-VIIQD nömrəli Qanunun icrası ilə əlaqədar bəzi qanunlarda dəyişiklik edilməsi haqqında qanun layihəsini (birinci oxunuş) təqdim edib.

Sənədlə bağlı müzakirələrdə deputatlar Razi Nurullayev, Elçin Mirzəbəyli, Məlahət İbrahimqızı çıxış edərək öz fikirlərini açıqlayıblar.

Qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “İctimai iştirakçılıq haqqında” və “Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinə dair (birinci oxunuş) məlumat verib.

Deputatlar Erkin Qədirli və Hikmət Məmmədov məsələ barədə öz fikirlərini bildirdikdən sonra, qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov “Ümumi təhsil haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) diqqətə çatdırıb.

O qeyd edib ki, sənəddə dövlət təhsil siyasətinin həyata keçirilməsində bir sıra məsələlərin tənzimlənməsi nəzərdə tutulur. Bildirilib ki, qanun layihəsinə görə, dövlət ümumi təhsil müəssisələrində təhsilverənlərin işgüzar geyim üslubu ilə bağlı tələblərin müəyyən edilməsi təsbit olunur. Həmin tələblərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən müəyyənləşdirilməsi nəzərdə tutulur. Həmçinin təklif olunan dəyişikliklərə əsasən, təhsilalanların müəyyən edilmiş geyim qaydalarına riayət etməsinin təmin olunması ilə bağlı valideynlərin və digər qanuni nümayəndələrin vəzifələri dəqiqləşdirilir.

Qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov Cinayət-Prosessual Məcəlləsində, Cəzaların İcrası Məcəlləsində və “İcra haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsindən (ikinci oxunuş) bəhs edib.

O daha sonra Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini (ikinci oxunuş) təqdim edib.

İnsan hüquqları komitəsinin sədri Zahid Oruc İnzibati Xətalar Məcəlləsində, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) təqdim edib.

Sonra Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova və Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli təqdim olunan qanun layihəsinə dair bu komitələrin müsbət rəylərini diqqətə çatdırıblar.

Parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Mənzil Məcəlləsində, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” və “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) ilə bağlı məlumat verib.

Sonra İnsan hüquqları komitəsinin sədri Zahid Oruc və Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli çıxış edərək qanun layihəsinə dair təmsil etdikləri komitələr tərəfindən müsbət rəylərin verildiyini diqqətə çatdırıblar.

Qanun layihələri ayrı-ayrılıqsa səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2026    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930