Lənkəran-Astara bölgəsində çiyələk və kartof təsərrüfatlarının fitosanitar vəziyyəti qiymətləndirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları mövsümlə əlaqədar Lənkəran-Astara iqtisadi rayonunda çiyələk və kartof istehsalı və dövriyyəsi ilə məşğul olan təsərrüfatlarda fitosanitar vəziyyətin qiymətləndirilməsi məqsədilə görüşlər keçiriblər.
Bu barədə AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.
Bildirilib ki, görüşlər zamanı bitki xəstəlikləri və zərərvericilərinə qarşı həyata keçirilən mübarizə tədbirləri, istehsal prosesində rast gəlinən çətinliklər, eləcə də məhsulların təhlükəsizliyi və keyfiyyətinin təmin olunması istiqamətində görülən işlər müzakirə edilib. Qida təhlükəsizliyi və fitosanitar tələblərə əməl olunması diqqətə çatdırılıb.
Milli Monitorinq Planına uyğun olaraq, agentliyin Lənkəran-Astara regional bölməsi tərəfindən regionun inzibati ərazilərində yerləşən 86 kartof və 58 çiyələk təsərrüfatında monitorinqlər aparılıb. Ümumilikdə, 1157 hektar əkin sahəsinə baxış keçirilib, bitkilərin fitosanitar vəziyyəti qiymətləndirilib.
Aparılan yoxlamalar zamanı müəyyən edilmiş uyğunsuzluqların aradan qaldırılması üçün təsərrüfat sahiblərinə müvafiq tövsiyə və tapşırıqlar verilib. Eyni zamanda, profilaktik fitosanitar tədbirlərin həyata keçirilməsi, pestisidlərdən təhlükəsiz və düzgün istifadə, həmçinin sənədləşdirmə qaydalarına əməl olunması ilə bağlı maarifləndirici söhbətlər aparılıb.
AQTA tərəfindən regionlarda fitosanitar nəzarət tədbirləri davam etdirilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:



