Nazir müavini İlhamə Qədimova “Erkən xəbərdarlıq və iqlimə dayanıqlı şəhərlər” mövzusunda tədbirdə çıxış edib



Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən “Erkən xəbərdarlıq və iqlimə dayanıqlı şəhərlər” mövzusunda tədbir təşkil edilib.
Azturkxeber.az xəbər verir ki, tədbir şəhərlərdə iqlim dəyişmələrinin təsirlərinə qarşı dayanıqlılığın gücləndirilməsində, xüsusilə ekstremal təbiət hadisələrinin ətraf mühitə, şəhər infrastrukturuna, yaşayış sahələrinə vurduğu zərərlərin azaldılmasında, həyat xilas edən elmi əsaslı qərarların qəbulunda çox riskli erkən xəbərdarlıq sistemlərinin roluna həsr edilib.
Tədbirdə ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva, Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev (videomesaj), Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədrinin birinci müavini Xəyyam Məmmədov, kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova, fövqəladə hallar nazirinin müavini Cəbrayıl Xanlarov və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Dimitris Avramopulos çıxış ediblər.
Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova bildirib ki, Azərbaycanın gələcək aqrar siyasəti rəqəmsal transformasiya, innovativ aqrometeoroloji inteqrasiya və süni intellektə əsaslanan idarəetmə modelləri üzərində qurulmaqdadır. Hazırkı hədəf istehsalçıları sadəcə məlumatlandırmaq deyil, onları qabaqcıl texnoloji həllərlə təmin etməkdir. Nazir müavini əlavə edib ki, aqrometeoroloji proqnozların Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə inteqrasiyası və süni intellekt əsaslı idarəetmə sistemlərinin tətbiqi Azərbaycanın aqrar sektorunun dayanıqlığını daha da gücləndirəcək, yerli istehsalçıların rəqabət qabiliyyətini artıracaq və ölkənin ərzaq təhlükəsizliyi arxitekturasına mühüm töhfə verəcək.
Panel müzakirələrində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, BMT-nin Ətraf Mühit Proqramının, Finlandiya Meteorologiya İnstitutunun, İqlim Dəyişmələri üzrə Hökumətlərarası Panelin və Türkiyə Dövlət Meteorologiya Xidmətinin nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, BMT-nin Baş katibi tərəfindən 2022-ci ildə “Hamı üçün erkən xəbərdarlıq” (EW4ALL) təşəbbüsü irəli sürülüb. Azərbaycan BMT-nin Ətraf Mühit Proqramı (UNEP) və Yaşıl İqlim Fondunun (GCF) dəstəyi ilə “Azərbaycanda dayanıqlılığın artırılması üçün iqlim məlumatlarının və çox riskli erkən xəbərdarlıq sistemlərinin gücləndirilməsi” layihəsini həyata keçirməyi planlaşdırır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: