Milli Məclisin sədri Sahibə Qafarova Belarus Milli Assambleyası Nümayəndələr Palatasının sədri ilə görüşüb





Milli Məclisin sədri Sahibə Qafarova mayın 19-da ölkəmizdə səfərdə olan Belarus Respublikası Milli Assambleyası Nümayəndələr Palatasının sədri İqor Sergeyenko ilə görüşüb.
Azturkxeber.az xəbər verir ki, Belarus Milli Assambleyası Nümayəndələr Palatasının sədri əvvəlcə Milli Məclisin plenar iclas zalı ilə tanış olub. Sonra tərəflər arasında təkbətək görüş keçirilib.
Daha sonra Ulu Öndər Heydər Əliyevin adını daşıyan xatirə zalına gələn qonaqlar burada Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin həyatının və siyasi fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən eksponatlarla tanış olublar. Belarus Milli Assambleyası Nümayəndələr Palatasının sədri İqor Sergeyenko buradakı Xatirə kitabına ürək sözlərini yazıb.
Sonra tərəflər arasında geniş tərkibdə görüş olub.
Bu səfərin qonağın Azərbaycana ilk rəsmi səfəri olduğunu vurğulayan spiker bu gün Belarus Milli Assambleyası Nümayəndələr Palatasının sədrinin Prezident İlham Əliyevlə görüşdüyünü xatırladıb. Qarşılıqlı münasibətlərin inkişafında iki ölkənin dövlət başçıları arasında yüksək səviyyəli münasibətlərin mühüm rolundan danışan spiker Sahibə Qafarova ali və yüksək səviyyədə həyata keçirilən qarşılıqlı səfərlərin və imzalanan sənədlərin əlaqələrin daha da dərinləşməsini təmin etdiyini diqqətə çatdırıb. Ölkələrimizin beynəlxalq təşkilatlarda da uğurla əməkdaşlıq etdiyi, beynəlxalq platformalarda bir sıra məsələlərdə bir-birinə qarşılıqlı dəstək verdiyi də nəzərə çatdırılıb.
Söhbət zamanı dövlətlərimiz arasında münasibətlərin vacib bir sahəsini təşkil edən parlamentlərimiz arasında əlaqələrin də indiki səviyyəsindən razılıq bildirilib. Qanunverici orqanlarımızın həm ikitərəfli əsasda, həm də beynəlxalq parlament təşkilatlarında uğurla əməkdaşlıq etdiyi qeyd edilib. Görüşdə vurğulanıb ki, parlamentlərimiz arasında imzalanmış əməkdaşlıq haqqında Anlaşma Memorandumu qanunverici orqanlarımız arasında əlaqələrin inkişafına mühüm töhfə verib.
Qonaqpərvərliyə görə təşəkkürünü bildirən İqor Sergeyenko dünən Prezident İlham Əliyevin WUF13 konfransının açılış mərasimindəki çıxışında şəhərsalma sahəsində mühüm məsələlərə toxunduğunu diqqətə çatdırıb. Qonaq bu tədbirin mühüm əhəmiyyət daşıdığını və WUF13 çərçivəsində müasir dövrün ən aktual məsələlərindən olan urbanizasiya problemlərinin geniş müzakirə olunduğunu qeyd edib.
Söhbət zamanı qonaq parlamentlərarası əməkdaşlıq, qanunvericilik sahəsində təcrübə mübadiləsi, beynəlxalq parlament təşkilatlarında birgə fəaliyyət və digər məsələlər barədə fikirlərini bölüşüb.
Görüşdə qarşılıqlı maraq doğuran digər mövzularda da fikir mübadiləsi aparılıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: