Belarus Respublikası Milli Assambleyasının Nümayəndələr Palatasının sədri Fəxri xiyabanı və Zəfər parkını ziyarət edib



Ölkəmizdə rəsmi səfərdə olan Belarus Respublikası Milli Assambleyasının Nümayəndələr Palatasının sədri İqor Sergeyenkonun başçılıq etdiyi nümayəndə heyəti mayın 19-da Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub, tər çiçəklər düzüb.
Azturkxeber.az xəbər verir ki,görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın da məzarı ziyarət edilib, önünə tər güllər düzülüb.
Səfər çərçivəsində nümayəndə heyəti Bakıda Zəfər parkını ziyarət edərək abidə önünə əklil qoyub. Qonaqlara Azərbaycan xalqının Vətən müharibəsində qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılmış Zəfər parkı barədə məlumat verilib.
Ziyarət zamanı nümayəndə heyətini Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov, Milli Məclisin Belarusla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Ziyad Səmədzadə və digər rəsmi şəxslər müşayiət ediblər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: