azturkxeber.az
http://azturkxeber.az

Prezident Avropa Parlamentini tənqid etdi: Təsəvvür edin, 5 ildə 14 qətnamə qəbul edib

04-05-2026

Avropa Parlamenti sülh prosesini dəstəkləmək əvəzinə, onu sabotaj etməyə üstünlük verir.

Azturkxeber.az verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 8-ci Zirvə toplantısında videobağlantı formatında çıxışı zamanı bildirib.

Dövlət başçısı vurğulayıb ki, bütün Avropa institutları Ermənistan-Azərbaycan sülh prosesinə Avropa Komissiyası kimi eyni yanaşmanı nümayiş etdirmir: "Belə institutlardan biri Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyasıdır".

İlham Əliyev qeyd edib ki, Azərbaycan 2001-ci ildən Avropa Şurasının üzvüdür və 2024-cü ilin yanvarına qədər milli nümayəndə heyətinə qarşı heç bir məhdudiyyət tətbiq edilməyib.

"Yeri gəlmişkən, mən özüm o zaman Azərbaycan nümayəndə heyətinin rəhbəri və parlamentin deputatı kimi AŞPA-nın fəal üzvlərindən biri idim. 2024-cü ilin yanvarına qədər Avropa Şurasında nümayəndə heyətimizə qarşı heç vaxt məhdudiyyətlər tətbiq edilməmişdi.

2023-cü ilin sentyabrında Azərbaycan Qarabağda separatizmə son qoydu. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş və 30 il kağız üzərində qalan 4 qətnaməsini biz özümüz həyata keçirdik. Bundan dörd ay sonra AŞPA nümayəndə heyətimizə qarşı sanksiyalar tətbiq etdi. Təəssüf ki, ikili standartlar bu gün AŞPA üçün bir növ iş üsuludur. Azərbaycanın ərazi bütövlüyü istənilən digər ölkəninki ilə eyni dəyərə malikdir və bu məsələdə ikili standartlar qəbuledilməzdir.

2021-ci ilin mayından - yəni İkinci Qarabağ müharibəsinin başa çatmasından altı ay sonradan 2026-cı il aprelin 30-na qədər Avropa Parlamenti hökumətimizə qarşı təhqirlərlə dolu 14 qətnamə qəbul edib.

Təsəvvür edin, 5 ildə 14 qətnamə. Bu, bir növ obsessiyadır. Sonuncusu isə cəmi 4 gün əvvəl, qəsdən bu sammit ərəfəsində qəbul edilib. Avropa Parlamenti bəzi üzv dövlətlərin ksenofobiya, islamofobiya, antisemitizm, miqrasiya, rəqabətqabiliyyətlilik və evsiz insanlar kimi fundamental problemlərini həll etmək əvəzinə, yalan və böhtan yayaraq Azərbaycanı hədəf alır. Bunun səbəbi Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi, separatizmə son qoyması və müharibə cinayətkarlarını məsuliyyətə cəlb etməsidir. Buna cavab olaraq Azərbaycan Parlamenti mayın 1-də rəsmi şəkildə Avropa Parlamenti ilə bütün sahələr üzrə əməkdaşlığın dayandırılması, Aİ-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin fəaliyyətində iştirakın dayandırılması və “Avronest” Parlament Assambleyasında üzvlüyə xitam verilməsi prosedurlarının başlanması barədə qərar qəbul edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2026    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031