azturkxeber.az
http://azturkxeber.az

Qazaxıstandan olan hakimliyə namizədlər Ədliyyə Akademiyasında təcrübə keçiblər

27-04-2026

Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında Qazaxıstandan olan hakimliyə namizədlər üçün iki həftəlik təcrübə proqramı keçirilib.

Azturkxeber.az xəbər verir ki, 13–24 aprel tarixlərini əhatə edən təcrübə proqramı Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası ilə Qazaxıstan Respublikası Ali Məhkəmə Şurası yanında Ədalət Akademiyası arasında imzalanmış Əməkdaşlıq memorandumuna əsasən təşkil olunub.

Məhkəmə-Hüquq Şurasının da dəstəyi ilə təşkil olunan proqram çərçivəsində Qazaxıstandan olan 28 nəfər əyani, 30 nəfər distant olmaqla ümumilikdə 58 hakimliyə namizəd Azərbaycan məhkəmə sisteminin fəaliyyəti, məhkəmə icraatının təşkili, hüquqi tədqiqat metodları, mediasiya, hakimlərin peşə hazırlığı və rəqəmsal ədliyyə sahəsində müasir yanaşmalar üzrə bilik və bacarıqlarını inkişaf etdiriblər.

Təlimlə yanaşı, iştirakçılar Ədliyyə Nazirliyinin Probasiya xidmətində, Məhkəmə Ekspertizası Mərkəzində, Bakı İstintaq Təcridxanasında, eləcə də 7 saylı Bakı “ASAN xidmət” mərkəzində, Konstitusiya Məhkəməsində, Ali Məhkəmədə, Bakı Apellyasiya Məhkəməsində, Sumqayıt Məhkəmə Kompleksində və Yasamal Rayon Məhkəməsində olaraq bu qurumların fəaliyyətləri ilə yaxından tanış olublar.

Təcrübə proqramının sonunda iştirakçılara sertifikatlar təqdim edilib.

Təcrübə proqramı Azərbaycan və Qazaxıstan arasında dostluq münasibətlərinin və peşəkar əməkdaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə xidmət etməklə yanaşı, iki ölkənin məhkəmə-hüquq orqanları arasında bilik və təcrübə mübadiləsini dərinləşdirir, gələcək hüquqşünasların peşəkar inkişafına töhfə verir və ədliyyə sahəsində qarşılıqlı əməkdaşlığın davamlı şəkildə genişlənməsinə zəmin yaradır.

Son illərdə bir sıra ölkələrin məhkəmə və hüquq orqanlarının mütəxəssis hazırlanması məqsədilə Ədliyyə Akademiyasına müraciət etməsi Akademiyanın bu sahədə formalaşdırdığı yüksək institusional potensialı təsdiqləyir. Ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatları, hüquqşünasların peşəkarlığının artırılması və ixtisaslı kadr hazırlanması istiqamətində görülmüş ardıcıl tədbirlər xarici dövlətlərin Azərbaycan təcrübəsinə artan marağını daha da gücləndirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
27282930