Milli Kitabxanada “Əməkdar incəsənət xadimi Qəmbər Hüseynli – 110” adlı kitab sərgisı istifadəçilərə təqdim olunub


16 aprel 2026-cı il tarixində Milli Kitabxanada Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndələrindən biri, milli musiqi irsimizin inkişaf etdirilməsində müstəsna xidmətləri olan Qəmbər Hüseynlinin anadan olmasının 110 illiyi münasibətilə “Əməkdar incəsənət xadimi Qəmbər Hüseynli – 110” adlı kitab sərgisı istifadəçilərə təqdim olunub.
Sərgidə Qəmbər Hüseynlinin Milli Kitabxananın fondunda mühafizə olunan musiqi əsərləri, bəstəkarın həyatı haqqında ədəbiyyatlar, Azərbaycan musiqi mədəniyyəti tarixində rolu, əsərlərinin musiqi dili, üslub xüsusiyyətləri əsasında aparılmış elmi tədqiqatlar, dövri mətbuat materialları və s. nümayiş olunur.
Qəmbər Muxtar oğlu Hüseynli 1916-cı il aprelin 16-da Gəncə şəhərində anadan olub. Gənc yaşlarından xalq musiqisinə dərin maraq göstərib, klassik muğamların əsaslarını öyrənib və bu biliklər sonradan onun bəstəkarlıq fəaliyyətində mühüm rol oynayıb.Qəmbər Hüseynli ilk musiqi təhsilini Gəncə Orta İxtisas Musiqi Məktəbində tar ixtisası üzrə alıb və bu məktəbi fərqlənmə diplomu ilə bitirib. Eyni zamanda, 1929-1934-cü illərdə Gəncə Pedaqoji Texnikumunda təhsil alıb. Daha sonra Bakı Musiqi Texnikumunda violonçel (A.S.Şvartsın sinfi) və bəstəkarlıq (Q.Z.Burşteynin sinfi) üzrə təhsilini davam etdirib.
Qəmbər Hüseynli 1951-1954-cü illərdə A.Zeynallı adına Bakı Musiqi Texnikumunda bəstəkarlıq üzrə (B.Zeydmanın sinfi) ikinci dəfə ali musiqi təhsili alıb.
Onun yaradıcılığı çoxşaxəlidir. Gəncə Dövlət Dram Teatrında səhnəyə qoyulmuş “Şeyx Sənan”, “Qatır Məmməd”, “Almaz”, “Bəxtsiz cavan”, “Solğun çiçəklər”, “Namus” və digər
dramatik əsərlərə musiqi bəstələyib.
O, aşıq Teymur Hüseynovun ifasında 55 ənənəvi aşıq havasını nota köçürərək ansambl üçün işləyib hazırlayıb.Bəstəkarın yaradıcılığı həmçinin xalq və uşaq mahnıları sahəsində də zəngindir. O, 300-dən artıq mahnı və romansın, eləcə də onlarla uşaq nəğməsinin müəllifidir. Xüsusilə, “Cücələrim” mahnısı dünya miqyasında şöhrət qazanıb, 100-dən artıq dildə ifa olunub. “İlk məhəbbət”, “Ay işığında”, “Tellər oynadı”, “Çeşmə başında”, “Düşər yadıma”, “Gecələr uzanaydı”, “Dolanım başına” kimi mahnıları bu gün də Azərbaycan musiqisevərləri tərəfindən sevilərək ifa olunur.
Bəstəkarın həm peşəkar musiqiçi, həm də maarifçi kimi fəaliyyəti, müasir musiqi mədəniyyətimizin formalaşmasında göstərdiyi səmərəli xidmətləri qiymətləndirilib.
Qəmbər Hüseynli 1961-ci ildə “Əməkdar incəsənət xadimi” fəxri adına, həmçinin “Şərəf nişanı” ordeninə layiq görülüb. Azərbaycan Respublikası Prezidentinin 25 noyabr 2015-ci il tarixli sərəncamı ilə Qəmbər Hüseynlinin anadan olmasının 100 illik yubileyi dövlət səviyyəsində qeyd olunub, 2018-ci ilin yanvar ayında isə doğma şəhəri Gəncədə onun xatirəsinə heykəl ucaldılıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: