“Parlayan Ziya" layihəsi çərçivəsində Gəncə üzrə əlaqələndirici şura yaradıldı






Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Gəncə Şəhər İcra Hakimiyyətinin birgə əməkdaşlığı ilə 09 aprel 2026-cı il tarixində Gəncə şəhərində "Parlayan Ziya" layihəsi çərçivəsində “Parlayan Ziya Gəncədə: Elm və Sənətin İşığında” ziyalılarla dəyirmi masa keçirilib.
Azturkxeber.az xəbər verir ki, salamlama nitqi ilə çıxış edən Gəncə şəhər icra hakimiyyəti başçısı Niyazi Bayramov bildirib ki, layihə gənc nəslin milli-mənəvi dəyərlərə bağlı şəkildə sağlam formalaşmasına və cəmiyyətin maarifləndirilməsinə xidmət edən çox əhəmiyyətli təşəbbüsdür.
“Müasir dövrdə uşaqların və gənclərin düzgün istiqamətləndirilməsi, onların milli kimliyə sadiq yetişdirilməsi hər birimizin vəzifəsidir” - deyən icra başçısı qeyd edib ki, bu işdə ziyalıların və nüfuzlu şəxslərin iştirakı xüsusilə vacibdir. Belə təşəbbüsləri daim dəstəkləyir və bu layihənin də gənclərin inkişafına müsbət təsir göstərəcəyinə inanırıq.
Çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova layihənin əhəmiyyətindən danışaraq qeyd edib ki, Gəncə şəhərinin layihənin başlanğıc nöqtəsi kimi seçilməsi təsadüfi olmayıb və bu seçim şəhərin Azərbaycanın tarixi, mədəni irsi və dövlətçilik ənənələrində tutduğu mühüm yer ilə bağlıdır. Bildirilib ki, Gəncə ölkənin ictimai-siyasi və elmi-mədəni həyatına mühüm töhfələr vermiş ziyalı mühitinin formalaşdığı aparıcı mərkəzlərdən biridir.
Sədr diqqətə çatdırıb ki, ölkədə əldə olunan inkişaf yeni imkanlarla yanaşı qlobal proseslərin yaratdığı yeni çağırışlar da mövcuddur və bu amillər dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsi zamanı kompleks şəkildə nəzərə alınmalıdır.
Bahar Muradova vurğulayıb ki, ziyalıların, elm və mədəniyyət nümayəndələrinin cəmiyyətlə birbaşa ünsiyyəti, insanların fikir və problemlərinin öyrənilməsi və həllinə töhfə verməsi xüsusi əhəmiyyət daşıyır. Onun sözlərinə görə, layihənin əsas məqsədi də məhz bu istiqamətdə effektiv platforma yaratmaqdır.
Komitə sədri dövlət başçısının müəyyən etdiyi vəzifələrə uyğun olaraq, əhali arasında ideoloji işin gücləndirilməsi, milli-mənəvi dəyərlərin təbliği və qorunması istiqamətində fəaliyyətlərin genişləndirildiyini diqqətə çatdırıb. Bu məqsədlə müvafiq dövlət qurumları ilə əməkdaşlıq çərçivəsində layihənin icrasına başlanılıb.
Layihə çərçivəsində regiona yaxından bələd olan, yerli xüsusiyyətləri dərindən bilən, ölkənin ictimai-siyasi həyatında fəallıq nümayiş etdirən və müvafiq yeri olan şəxslərdən ibarət heyətlərin formalaşdırılması və müxtəlif mövzular üzrə müzakirələrin təşkili nəzərdə tutulduğu qeyd edilib.
Bahar Muradova, layihənin əsas qazancının ziyalılarla gənclər və yerli əhali arasında birbaşa ünsiyyətin qurulması, məsələlərə vahid münasibətin formalaşdırılması olduğunu vurğulayıb. Bu isə vətəndaş həmrəyliyi, ictimai-siyasi sabitlik və Azərbaycanın gələcək inkişaf istiqamətlərinə töhfə verəcək.
Komitə sədri görüşdə iştirak edən Azərbaycan Milli Elmlər Akademiyasının akademik-katibi, “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutunun direktoru Arif Həşimovu və Əməkdar incəsənət xadimi, Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Baba Vəziroğlunu, eləcə də digər ziyalıları təqdim edərək, onların gənclər üçün nümunəvi model olduğunu və tövsiyələrinin gənclərin həyatında mühüm rol oynayacağına əminliyini ifadə edib.
Görüşün davamında Gəncədə elm, mədəniyyət, idman və din xadimlərindən ibarət tərkibdə yerli əlaqələndirici şura yaradılmasına dair qərar qəbul edilib.
Müzakirələrdə çıxış edən AMEA-nın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev, AMEA-nın akademik katibi Arif Həşimov, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov çıxış edərək, layihənin cəmiyyətə, xüsusilə gənclərə verəcəyi töhfələri vurğulayıblar, milli-mənəvi dəyərlərin təbliği, gənclərin maarifləndirilməsi və onların sağlam düşüncə tərzində formalaşmasının vacibliyini qeyd ediblər.
Diqqətə çatdırılıb ki, mütəmadi olaraq əhali ilə keçiriləcək görüşlərdə müxtəlif mövzular üzrə maarifləndirici söhbətlər aparılacaqdır. Görüşlər zamanı gənclərə ailə institutunun formalaşması, ölkədə gedən ictimai-siyasi proseslərdə fəal iştirakın təşviqi istiqamətində məlumatlar veriləcəkdir. Həmçinin universitetlərin və məktəblərin prosesə cəlb olunması ilə daha çox gəncin layihədən faydalanması təmin ediləcəkdir.
Qeyd edək ki, layihənin əsas məqsədi ölkənin tanınmış ziyalıları, elm, mədəniyyət, idman və din xadimlərini regionlara cəlb etməklə əhali ilə birbaşa ünsiyyət platforması yaratmaq, aktual sosial mövzular ətrafında fikir mübadiləsi aparmaq və gənc nəslin sağlam, savadlı, məsuliyyətli vətəndaş kimi formalaşmasına dəstək vermək, cəmiyyətdə ideoloji işi gücləndirməkdir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: