"Ailələrimizi tanıyaq” layihəsinin növbəti qonağı Adıgözəlovlar ailəsidir

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin “Ailələrimizi tanıyaq” layihəsinin növbəti qonağı İsmayıllı rayonunun tanınan ailələrindən olan və bu il evliliklərinin 50-ci ildönümünü qeyd edən Adıgözəlovlar ailəsidir.
Qəhrəman Adıgözəlov 1956-cı ildə İsmayıllı rayonunun Zərnava kəndində anadan olub. Orta təhsillidir. O, ata-baba ənənəsini davam etdirərək oyma ustası kimi fəaliyyət göstərir və bu sənəti layiqincə yaşadır. Onun yaratdığı sənət əsərləri bir sıra muzeylərdə qorunur və nümayiş etdirilir. Buna nümunə olaraq “Cavanşir portreti”ni göstərmək olar ki, həmin əsər hazırda Milli Azərbaycan Tarixi Muzeyinin qiymətli eksponatları sırasında nümayiş etdirilir. Q.Adıgözəlov eyni zamanda həvəskar şair və saz ustasıdır. O, 4 kitabın müəllifidir. Yaradıcılığında vətənpərvərlik, ailə dəyərləri, milli-mənəvi irs və mənəvi zənginlik kimi mövzulara geniş yer verir.
Həyat yoldaşı Şəfiqə Adıgözəlova 1956-cı ildə İsmayıllı rayonunun Zərnava kəndində anadan olub. Orta təhsillidir. Uzun illər xalçaçılıqla məşğul olub.
25 may 1976-ci ildə ailə həyatı quran Adıgözəlovların4 övladı (2 oğlan, 2 qız), 8 nəvəsi var. Qəhrəmanovların övladları, həmçinin 8 nəvəsindən 3-ü yüksək nəticələr göstərərək ali məktəbə qəbul olublar və hazırda təhsillərini davam etdirirlər.
Bu nümunəvi ailə ilə müsahibəmizi Sizə təqdim edirik.
- Xoşbəxt evliliyin sirri nədədir?
Q.Adıgözəlov: “Xoşbəxt ailənin sirri yalnız qarşılıqlı hörmət, məhəbbət və sevgidədir. Əgər sən o adama hörmət qoyursansa, onu həqiqətən bir insan kimi sevirsənsə ondan başqa heç nəyə ehtiyac yoxdur”.
Ş.Adıgözəlova: “Xoşbəxt evliliyin sirri qarşılıqlı hörmət və səbirdədir. Ailə qurmaq asandır, onu qoruyub saxlamaq isə zəhmət istəyir. Hər iki tərəf bir-birini anlamağa çalışmalıdır”.
- Ailədə fərqli fikirlər olduqda bu məsələni necə həll edirsiniz?
Q.Adıgözəlov: “Bilirsiniz, hər şeyi səbir həll edir. Qarşı tərəfə haqsızlıq etmək olmaz. Bəzi məsələlərdə güzəştə getmək mütləqdir. Əks halda insan xoşagəlməz nəticələrlə qarşılaşmalı olar”.
Ş.Adıgözəlova: “Ailədə fərqli fikirlərin olması normaldır. Əsas məsələ onu necə həll etmək, ortaq məxrəcə gəlməkdir. Biz çalışmışıq ki, əsəbi halda qərar verməyək. Əvvəlcə sakitləşirik, sonra oturub danışırıq. Hər kəsin fikrinə hörmətlə yanaşmaq lazımdır. Bəzən güzəştə getmək də lazımdır. Çünki ailədə qalib gəlmək yox, birlikdə qalmaq vacibdir”.
- Vətənə, dövlətə layiqli övladların yetişməsi üçün nə etmək lazımdır?
- Bu məsələdə valideynlər birbaşa məsuliyyət daşıyırlar. Hər bir valideyn övladının tərbiyəsi ilə ciddi şəkildə maraqlanmalıdır. Uşağın hər bir davranışına, o cümlədən təhsilinə valideyn cavabdehdir. Əgər laqeyd münasibət olarsa və ya tərbiyədə boşluqlara yer verilərsə gələcəkdə ciddi problemlər yarana bilər.
- Valideyn-övlad münasibətləri ailənizdə necə tənzimlənir?
- Biz ailədə hər zaman hörmət və anlayışı əsas götürmüşük. Uşaqlarımızı həm sevgi ilə böyütmüşük, həm də məsuliyyət hissini aşılamışıq. Çalışmışıq ki, onları dinləyək, fikirlərinə dəyər verək. Evdə qərarlar məsləhətləşmə yolu ilə verilib. Böyük-kiçik yeri bilinib, amma eyni zamanda uşaqlar özlərini sərbəst ifadə edə biliblər.
- Bu gün uşaqların tərbiyəsində geri dönüb baxdıqda daha nələri əlavə etmək istərdiniz? Hansı ki, bu günə kimi etmədiyinizə görə təəssüf hissi keçirirsiniz.
- Geri dönüb baxanda düşünürük ki, bəlkə də uşaqlarımıza daha çox vaxt ayıra bilərdik. O vaxtlar həyat çətin idi, əsas məqsədimiz onları dolandırmaq, yaxşı yaşatmaq idi. Amma indi anlayırıq ki, uşağa ən çox lazım olan diqqət və söhbətdir. Ancaq bunlara baxmayaraq, biz uşaqlarımızdan çox razıyıq, onlar istədiyi peşəyə yiyələniblər. Gözəl ailə həyatı qurublar, gözəl övladlar tərbiyə edirlər.
- Ailə qurmaq istəyən gənclərə nə məsləhət görərdiniz?
Q.Adıgözəlov: “Gənclərin özündən çox şey asılıdır. Ailə qurmaq məsuliyyət tələb edir. İlk olaraq həyatını bölüşəcəyin insanı seçərkən onunla aralarında olan uyğunluğa fikir verilməlidir. Bundan başqa, ailənin möhkəm, uzunömürlü olması üçün sevgi, hörmət, qayğı hissinin olması vacib məsələdir. Gənclər ailə həyatı qurarkən tələsməməli, yüz ölçüb bir biçməlidirlər”.
Ş.Adıgözəlova: “Gənclərə məsləhətimiz odur ki, ailə qurmağa tələsməsinlər. Bir-birini yaxşı tanısınlar, xarakterlərini, düşüncələrini anlasınlar. Ailə yalnız sevgi ilə yox, həm də məsuliyyətlə qurulur. Həyat həmişə asan olmur. Çətin günlərdə səbirli olmaq, bir-birinə dayaq durmaq vacibdir. Hörmət və etibar olmadan ailə uzunömürlü olmaz. Mən bugünkü gənclərə də elə övladlarımın ailəsi kimi ailə sahibi olmağı, onlar kimi ailəcanlı olmağı arzu edirəm”.
Uşaq Səfirlər Məclisinin İsmayıllı rayonu üzrə nümayəndələri Nazlı Mirzəliyeva və Ruhangiz Qasımovanın da iştirakı ilə Adıgözəlovlar ailəsinə etdiyimiz ziyarətdən xoş təəssüratlarla ayrılırıq. Hörmətli Adıgözəlovlar ailəsinə dəyərli fikirlərini bizimlə bölüşdüyünə görə təşəkkürümüzü bildirir, onlara uzun ömür və möhkəm cansağlığı arzu edirik.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: