Əmək qanunvericiliyində son dəyişikliklər və əməyin mühafizəsi mövzularında maarifləndirmə tədbiri keçirilib

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin birgə təşkilatçılığı ilə işəgötürənlər və onların nümayəndələri üçün maarifləndirmə tədbiri keçirilib.
Bu barədə Azturkxeber.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, tədbirdə “Əmək qanunvericiliyinə edilmiş son dəyişikliklər”, “İstehsalatda baş verən bədbəxt hadisələrdən sığorta” və “İş yerlərində əməyin mühafizəsi” mövzuları üzrə təqdimatlar olub.
Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Elnar Hüseynov çıxış edərək tədbirin əhəmiyyətini və əsas məqsədlərini diqqətə çatdırıb.
Daha sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Aparatının Əmək siyasəti şöbəsinin sektor müdiri Rəşad Əhmədov, şöbənin əməkdaşı Orxan Nadirov və Əməyin Mühafizəsi Mərkəzinin Naxçıvan filialının müdiri Ruslan Ələkbərov mövzular üzrə təqdimatlarla çıxış ediblər.
Tədbirdə bildirilib ki, əmək qanunvericiliyində edilmiş son dəyişikliklər əmək münasibətlərində şəffaflığın artırılmasına, həmçinin işəgötürənlərin və işçilərin hüquq və vəzifələrinin daha dəqiq müəyyənləşdirilməsinə xidmət edir.
Eyni zamanda, işəgötürənlərə istehsalatda bədbəxt hadisələr və peşə xəstəliklərindən icbari sığorta ilə bağlı qanunvericiliyin tələbləri izah olunub, müəssisələrdə əməyin mühafizəsinin təşkili və işçilərin təlimatlandırılması qaydaları barədə məlumat verilib.
Qeyd olunub ki, tədbirin əsas məqsədi əmək münasibətləri sahəsində son dəyişikliklər barədə məlumatlandırma aparmaq, onların tətbiq mexanizmlərini izah etmək və praktik suallara aydınlıq gətirməkdir.
Maarifləndirici tədbirdə dövlət və qeyri-dövlət sektorunu təmsil edən 68 qurumdan ümumilikdə 96 nümayəndə iştirak edib. Sonda iştirakçıların sualları cavablandırılıb və əlavə izahlar verilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: