azturkxeber.az
http://azturkxeber.az

Gənc idmançımız Məhəmməd Rüstəmli Avrasiya çempionatının qalibi olub

19-02-2026

Laçın şəhərindən olan keçmiş məcburi köçkün ailəsinin üzvü, hazırda Bakı şəhərinin Qaradağ rayonu, "Qobu Park-1" yaşayış kompleksində məskunlaşan 29 nömrəli Laçın tam orta məktəbinin 9-cu sinif şagirdi Məhəmməd Vəli oğlu Rüstəmli beynəlxalq arenada növbəti böyük uğura imza atıb.

Azturkxeber.az-a verilən məlumata görə, gənc idmançı məşqlərini "Qobu Park-1" yaşayış kompleksində fəaliyyət göstərən Azərbaycanın Milli Qəhrəmanı Şikar Aslanov adına idman klubunda davam etdirir. Burada yaradılmış müasir şərait sayəsində o, respublika səviyyəli yarışlarda dəfələrlə birincilik qazanaraq müxtəlif medallarla təltif olunub.

Məhəmməd Rüstəmli 13–15 fevral 2026-cı il tarixlərində Beynəlxalq Həvəskar Qreplinq Assosiasiyası (AİGA) tərəfindən keçirilən Avrasiya çempionatında ölkəmizi uğurla təmsil edib. 30-dan çox ölkənin və 90-dan artıq idman akademiyasının qatıldığı nüfuzlu AİGA qreplinq turnirində o, həm fərdi, həm də komanda hesabında fərqlənərək qızıl medal qazanıb. Məhəmmədin yüksək hazırlıq səviyyəsi Beynəlxalq Həvəskar Qreplinq Assosiasiyasının rəsmi platformalarında nümunəvi iştirak kimi xüsusi vurğulanıb.

Uzun illər çətin şəraitdə yaşamış Rüstəmlilər ailəsi dövlət tərəfindən həyata keçirilən sosial proqramlar çərçivəsində "Qobu Park-1" yaşayış kompleksində müasir və rahat mənzillə təmin olunub. Yaşayış kompleksindəki geniş idman infrastrukturu Məhəmməd kimi gənclərin peşəkar idmanla məşğul olmasına real imkanlar yaradıb.

Gənc çempion doğma Laçın şəhərinin işğaldan azad olunmasını böyük qürurla qarşıladığını bildirib:

"Əldə etdiyim uğurlara görə ölkə rəhbərliyinə və bizə göstərilən diqqətə minnətdaram. Əsas arzum tezliklə doğma Laçına qayıtmaq, orada idmanın inkişafına töhfə vermək və gəncləri sağlam həyat tərzinə təşviq etməkdir".

Məhəmməd Rüstəmlinin bu qələbəsi dövlətin gənclər siyasətinin və idmana yönəlmiş ardıcıl strategiyasının növbəti uğurlu nəticəsidir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    February 2026    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
232425262728