Qaradağlı qətliamından 34 il ötür



Azturkxeber.az xatırladır ki, bu gün Ermənistan silahlı qüvvələrinin Qaradağlı kəndində törətdiyi qətliamdan 34 il ötür.
1992-ci il fevralın 15-dən etibarən erməni hərbi birləşmələri Xankəndi şəhərində dislokasiya olunmuş 366-cı motoatıcı alayın hərbi texnikası və canlı qüvvəsinin dəstəyi ilə azərbaycanlılar yaşayan Qaradağlı kəndinə hücum ediblər. İki gün davam edən ağır döyüşlərdən sonra, fevralın 17-də kənd işğal olunub.
İşğal zamanı kənd tamamilə dağıdılıb, dinc əhaliyə qarşı xüsusi amansızlıq nümayiş etdirilib. Qadınlar, uşaqlar və qocalar da daxil olmaqla kənd sakinlərinə qarşı zorakılıq halları qeydə alınıb.
Rəsmi məlumatlara əsasən, girov götürülən 117 kənd sakinindən 80-ə yaxını xüsusi qəddarlıqla qətlə yetirilib, 6 nəfər itkin düşüb. Şahid ifadələrinə görə, əsir götürülən azərbaycanlıların 43 nəfəri Xankəndi yaxınlığında güllələnib, daha sonra onlardan bəzilərinin başı kəsilib. 9 nəfərin isə əsir götürüldüyü sübuta yetirilib.
Qaradağlı qətliamı Birinci Qarabağ müharibəsi dövründə mülki əhaliyə qarşı törədilmiş ağır cinayətlərdən biri kimi qiymətləndirilir. Hər il fevral ayında faciə qurbanlarının xatirəsi ehtiramla yad edilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: