Aeroport şosesində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Fevralın 14-də və 15-də paytaxtın Suraxanı rayonu, Aeroport şosesində (“Buta Palace” yaxınlığında) mövcud istismar müddətini başa vurmuş elektron məlumat-sürət tablolarının üzərində olduğu metal konstruksiya ilə birlikdə sökülərək yerində yenisinin quraşdırılması işləri görüləcək.
Bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.
Bildirilib ki, bu səbəbdən fevralın 14-ü saat 00:00-dan 07:00-dək Hava limanı yolundan (Hava limanı körpüsündən) “Koroğlu” metrostansiyası istiqamətində, fevralın 15-də isə həmin saatlarda “Koroğlu” metrostansiyasından (Suraxanı dairəsi üzərindəki yol ötürücüsündən) Hava limanı istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. Alternativ yol kimi, Mərdəkan şosesindən gələnlər Zığ şosesinə, şəhər istiqamətindən gələnlər isə Suraxanı rayonu, Xanlar Ələkbərov və 14 İyul küçəsinə istiqamətləndiriləcəklər. Eyni zamanda, sürücülər şəhərdən Hava limanı istiqamətinə alternativ olaraq 8 Noyabr prospektindən Zığ yoluna keçməklə də hərəkət edə biləcəklər.
Qeyd olunub ki, məhdudiyyətin tətbiq olunduğu müddətdə avtomobillərin alternativ yollarda rahat və təhlükəsiz hərəkətini təmin etmək üçün yol polisi tərəfindən zəruri tədbirlər görüləcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: