azturkxeber.az
http://azturkxeber.az

Şimal-Cənub dəhlizinin inkişafı üzrə Memorandum imzalanıb

26-11-2025

25 noyabrda Bakıda “AZCON Holding” şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC (ADY) sədri Rövşən Rüstəmov, “Rusiya Dəmir Yolları” ASC-nin baş direktoru və İdarə Heyətinin sədri Oleq Belozyorov və İran İslam Respublikası Dəmir Yollarının rəhbəri Cabbar Əli Zakeri arasında üçtərəfli görüş baş tutub.

Görüşdə nəqliyyat-logistika sahəsində əməkdaşlığın perspektivləri, xüsusilə hər üç ölkənin ərazisindən keçən Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin tranzit imkanlarının genişləndirilməsi və bu istiqamətdə atıla biləcək müvafiq addımlar müzakirə edilib.

Şimal-Cənub dəhlizinin Azərbaycandan keçən hissəsində görülən işlər barədə məlumat verilib. Qeyd olunub ki, Sumqayıt–Yalama dəmir yolu xəttinin yenidən qurulması işləri ilin sonunadək başa çatdırılacaq. Həmçinin ADY tərəfindən İran ərazisində Astara Terminalının inşası davam etdirilir, terminalın tikintisi 2026-cı ilin 1-ci rübündə tamamlanacaq.

Tərəflər “Şimal-Cənub dəhlizinin qərb marşrutu üzrə rəqabətqabiliyyətli birbaşa tariflərin formalaşdırılması və logistik xidmətlərin inkişafı barədə Memorandum”u imzalayıblar.

Sənəd tarif yanaşmalarının uzlaşdırılmasını, vahid kompleks tarifin formalaşdırılmasını, müntəzəm blok-qatarların təşkilini və daşımalar üzrə prosedurların təkmilləşdirilməsini nəzərdə tutur. Bu mexanizmlərin həyata keçirilməsi Azərbaycan, Rusiya və İran arasında daha proqnozlaşdırıla bilən, sürətli və iqtisadi cəhətdən səmərəli logistika zəncirinin qurulmasına imkan verəcək.

Memorandum Azərbaycan, Rusiya və İranın beynəlxalq nəqliyyat dəhlizlərində etibarlı iştirakçı kimi mövqelərinin gücləndirilməsini və regionda tranzit axınlarının davamlı artması üçün əlverişli şəraiti təmin edəcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    November 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930