azturkxeber.az
http://azturkxeber.az

Zəngilanın Məmmədbəyli kəndində daha 30 ailəyə evlərin açarları təqdim olunub

15-11-2025

Bu gün növbəti köç karvanı ilə Zəngilan rayonunun Məmmədbəyli kəndinə çatan ailələrə evlərinin açarları təqdim olunub.

Məmmədbəyli kəndinə köçən ailələr qarşılandıqdan sonra onlara ANAMA əməkdaşları tərəfindən mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələr barədə ətraflı məlumat verilib. Sakinlərə tanımadıqları naməlum əşya və cisimlərdən uzaq durmaları, belə hallarla qarşılaşdıqları təqdirdə isə aidiyyəti qurumlara məlumat vermələri tövsiyə olunub.

Açarların təqdim edilməsi mərasimində Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları və digər rəsmi şəxslər iştirak ediblər. Ailələr sevinclə açarları qəbul edərək öz evlərində məskunlaşıblar.

Qeyd edək ki, bu mərhələdə Məmmədbəyli kəndinə 30 ailə olmaqla, 143 nəfər köçürülüb. Onlar respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, yarımçıq tikili və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

12:50

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən Zəngilan rayonunun Məmmədbəyli kəndinə növbəti köç prosesi gerçəkləşib, səhər saatlarında yola salınan ailələr doğma yurdlarına qovuşub.

Məmmədbəyli kəndi bu gün 30 ailə olmaqla, 143 nəfərə qucaq açıb. Kəndə qədəm qoyan sakinlər sevinc göz yaşları ilə öz doğma yurdlarına qovuşublar. Onlar hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Sakinlər, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.

Qeyd edək ki, Məmmədbəyli kəndinin ümumi sahəsi 51,6 hektardır. Kənddə 188 fərdi ev inşa edilib ki, onlardan 39-u iki, 55-i üç, 55-i dörd, 39-u beşotaqlıdır. Hər bir ev üçün həyətyanı ərazi nəzərə alınaraq hasarlanıb. Evlərdə Günəş panelləri quraşdırılıb, onlar su, işıq, qaz, yüksəksürətli internet şəbəkəsi ilə təmin olunub. Kənddaxili yollar asfaltlanıb. Kənddə çoxfunksiyalı 2 qeyri-yaşayış binası da inşa edilib. Köçürülən ailələrin evlərdə məskunlaşması üçün bütün şərait yaradılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    November 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930