Madriddə Zəfər Gününə həsr olunmuş qəbul keçirilib
Azərbaycan Respublikasının İspaniya Krallığındakı səfirliyinin təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününün 5-ci ildönümü münasibətilə Madrid şəhərinin mərkəzində “Sülhün səsi” adlı konsert proqramı keçirilib.
Səfirlikdən bildirilib ki, konsertdə Azərbaycanın tanınmış tarzəni, Əməkdar artist Şəhriyar İmanov və pianoçu, caz ustası, bəstəkar Etibar Əsədli zəngin musiqi proqramı ilə çıxış ediblər. Onların ifası salonda böyük coşqu yaradıb, tamaşaçılar tərəfindən gurultulu alqışlarla qarşılanıb. Tədbirin qonaqları Azərbaycanın zəngin musiqisini, caz-muğam üslubunda improvizasiyaları dinləməkdən xüsusi zövq alıblar.
Tədbirin açılışında söz alan səfir Ramiz Həsənov qeyd edib ki, 8 noyabr tarixi Azərbaycan xalqının yaddaşında ədalətin bərpa olunduğu, ərazi bütövlüyünün təmin edildiyi əlamətdar gündür. Bu Zəfər əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş uğurlu xarici və daxili siyasətin davamı olaraq Prezident İlham Əliyevin uzaqgörən rəhbərliyi, xalqın həmrəyliyi, ordumuzun qəhrəmanlığı və fədakarlığı sayəsində əldə olunub.
Səfir vurğulayıb ki, beynəlxalq hüququn prinsiplərinə və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq, Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü bərpa edərək, otuz ilə yaxın davam edən münaqişəyə son qoyub. Bu tarixi Qələbə regiona sülhə və əməkdaşlığa əsaslanan yeni bir mərhələnin başlanğıcını gətirib.
Səfir diqqətə çatdırıb ki, 8 Noyabr Qələbəsi gələcək nəsillərin sülh və həmrəylik şəraitində yaşaması üçün dəyərli mirasdır. Bu Qələbə Azərbaycan xalqının milli birliyi və sarsılmaz iradəsinin rəmzi olmaqla yanaşı, həm də regionda qarşılıqlı anlaşma və əməkdaşlıq ruhunun təcəssümüdür.
Tədbirdə İspaniyanın Xarici İşlər, Avropa İttifaqı və Əməkdaşlıq Nazirliyinin yüksəkvəzifəli diplomatları, parlament üzvləri, dövlət qurumlarının rəsmiləri, diplomatik korpus və beynəlxalq təşkilatların nümayəndələri, Madrid şəhər bələdiyyəsinin rəsmiləri, yerli ictimai-siyasi xadimlər, Azərbaycan icmasının üzvləri və mədəniyyət xadimləri olmaqla 200 nəfərdən çox qonaq iştirak edib.
Konsert proqramından sonra iştirakçılar üçün dostluq və səmimi ünsiyyət mühitində qəbul təşkil olunub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:




