azturkxeber.az
http://azturkxeber.az

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında

06-11-2025

Noyabrın 6-da Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib.

Bu barədə Azturkxeber.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Komitənin sədri Azər Əmiraslanov bildirib ki, iclasda Vergi Məcəlləsində, “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında”, “Sosial sığorta haqqında”, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında”, “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında”, “Tibbi sığorta haqqında”, “Dövlət rüsumu haqqında”, “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında”, “Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında xidmət keçən diplomatik xidmət orqanı əməkdaşlarının dövlət icbari şəxsi sığortası haqqında”, “Hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə dövlət qayğısı haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında”, “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında”, “Uşaqların icbari dispanserizasiyası haqqında”, “Gömrük tarifi haqqında”, “Nağdsız hesablaşmalar haqqında” və “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) müzakirə olunacaq.

O, qeyd edib ki, Büdcə Zərfinə daxil olan bu qanun layihəsi əsasən vergi güzəştləri ilə bağlıdır. Komitə sədri qanun layihəsində təklif olunan dəyişikliklərin əhəmiyyətindən söz açıb, onların büdcəyə təsiri ilə bağlı fikirlərini bildirib. Azər Əmiraslanov vurğulayıb ki, dəyişikliklər sahibkarlığı və iqtisadi inkişafı stimullaşdırmaq xarakteri daşıyır. Onun sözlərinə görə vergi siyasəti iqtisadiyyatın tənzimlənməsinin ən çevik alətidir və ölkəmizdə vergi siyasətində güzəşt və azadolmalar müəyyən edilərkən heç bir ayrı seçkiliyə yol verilmir. Komitə sədrinin sözlərinə görə, vergi-gömrük güzəştlərinin əsas benefisiarı dövlət müəssisələri deyil, məhz özəl sektordur. Həyata keçirilən vergi və gömrük siyasəti fiskal xarakterdən daha çox iqtisadi tənzimləmə funksiyasına malikdir. Vurğulanıb ki, ölkəmizdə 2025-ci ilin məlumatlarına əsasən, vergi-gömrük güzəşt və azadolmaları 7,7 mlrd. manat təşkil edir. Bu 2025-ci ilin proqnozlaşdırılan büdcə gəlirlərinin təxminən 20%-ni təşkil edir.

İclasda çıxış edən maliyyə nazirinin müavini Azər Bayramov bildirib ki, 2026-cı ilin büdcə-vergi siyasəti çərçivəsində hazırlanmış dəyişikliklər ölkənin iqtisadi inkişafını sürətləndirmək, kölgə iqtisadiyyatı ilə mübarizə tədbirlərini gücləndirmək, daxili bazarı qorumaq və idxaldan asılılığı azaltmaq, strateji sahələrə investisiyaların təşviqi və inzibatçılığın təkmilləşdirilməsi kimi addımları nəzərdə tutur. O deyib ki, Vergi Məcəlləsinə təkliflər əsasən iqtisadiyyatı stimullaşdırmaq, sahibkarlığa dəstək və şəffaflığın artırılması tədbirlərini əhatə edir.

Nazir müavini bu günə qədər tətbiq olunan vergi güzəştləri və digər azadolmalar barədə danışaraq, onların iqtisadi effektivliyi ilə bağlı fikirlərini bölüşüb və əldə olunan nəticələri diqqətə çatdırıb. Qeyd olunub ki, hazırkı Büdcə Zərfində də sahibkarlıq və investisiya mühitini stimullaşdıran amillərə, eləcə də mövcud güzəştlərin davam etdirilməsinə xüsusi diqqət yetirilir.

Azər Bayramovun sözlərinə görə, Azərbaycanda qeyri-neft sektorunda və özəl sektorda tətbiq olunan vergi yükü regionda ən aşağı səviyyədədir. Bu, sahibkarlıq fəaliyyətinin genişlənməsinə və iqtisadi fəallığın artmasına imkan yaradır. O, əlavə edib ki, ölkənin vergi siyasətində inzibati amillərin rolunun azaldılması, əvəzində iqtisadi stimullaşdırıcı mexanizmlərin gücləndirilməsi prioritet istiqamətlərdən biridir. Bu yanaşma gələn ilin Büdcə Zərfində öz əksini tapıb.

Vurğulanıb ki, son illərin əsas stimullaşdırıcı istiqamətlərindən biri nağdsız ödənişlərin təşviqidir. Artıq bir neçə ildir “ƏDV geri al” sistemi uğurla tətbiq olunur və bu sistemin nəticəsində daxilolmaların artım tempi yüksəlib. Bu tendensiyanın növbəti ildə də davam etməsi və sistemin əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulur.

Sonra Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli layihədə Vergi Məcəlləsinə təklif olunan dəyişiklər barədə ümumi məlumat verib. O, Vergi Məcəlləsinə təklif olunan dəyişiklikləri ölkəmizin iqtisadi siyasətində həyata keçirilən islahatların növbəti mərhələsi kimi dəyərləndirib. Qeyd olunub ki, dəyişikliklər həm vergi inzibatçılığının sadələşdirilməsini, həm də sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasını hədəfləyir. Qlobal trendlər, rəqəmsal transformasiya və fiskal siyasətin dayanıqlılıq prinsipləri nəzərə alınmaqla hazırlanan bu təkliflər, vergi ödəyicilərinin yükünün optimallaşdırılmasına və dövlət gəlirlərinin sabitliyinin təmin edilməsinə xidmət edir.

Orxan Nəzərli diqqətə çatdırıb ki, dəyişikliklər paketi 2026-cı ildən etibarən tətbiqi nəzərdə tutulan büdcə-fiskal çərçivə ilə uzlaşdırılıb. Təkliflərdə muzdlu iş üzrə mövcud vergi güzəştlərinin 2026-cı ildən sonrakı dövrə tənzimlənməsi, aksiz siyasətinin beynəlxalq tələblərə uyğunlaşdırılması, yerli avtomobil istehsalının təşviqi, idxaldan asılılığın azaldılması və daxili bazarın qorunması, vergi nəzarətinin və şəffaflığın artırılması, eləcə də qanunsuz sahibkarlıqla mübarizənin gücləndirilməsi kimi məsələlər öz əksini tapıb. Orxan Nəzərli təklif olunan dəyişikliklərin mahiyyəti barədə danışıb, onların gözlənilən nəticələri və təsirlərini diqqətə çatdırıb.

Sonra Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Siyasəti Baş İdarəsinin rəisi Nicat İmanov Vergi Məcəlləsinə təklif olunan dəyişikliklər paketi barədə slaydlar əsasında təqdimat edib.

Layihənin hüquqi əsaslarından söz açan baş idarə rəisi təklif olunan 45 maddə üzrə 145 dəyişiklik təklifinin 3 əsas istiqaməti — investisiya və sahibkarlığın təşviqi, büdcə gəlirlərinin tənzimlənməsi, vergi nəzarətinin təkmilləşdirilməsi barədə məlumat verib. O, sahələrin hər biri üzrə ayrı-ayrılıqda nəzərdə tutulan vergi və sosial güzəştlər, müddəti uzadılan güzəştlər, nağdsiz dövriyyə, kənd təsərrüfatı və balıqçılıq üzrə vergi güzəştləri, fərdi sahibkarların sosial sığorta yükünün, aksizlər üzrə büdcə gəlirlərinin tənzimlənməsi kimi məsələlərlə bağlı təklif olunan dəyişikliklərin detallarını nəzərə çatdırıb.

Müzakirələrdə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi sədrinin müavini Azər Badamov, üzvləri Ziyad Səmədzadə, Əli Məsimli, Tahir Mirkişili, Əlibala Məhərrəmzadə, Aydın Hüseynov, Vüqar Bayramov çıxış ediblər, öz fikirlərini və bəzi qeydlərini bildiriblər.

Maliyyə nazirinin müavini Azər Bayramov və Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli çıxışlarda qaldırılan məsələlərə aydınlıq gətiriblər.

Müzakirələrin sonunda qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.

İclasda deputatlar Heydər Əsədov, Məşhur Məmmədov, Müşfiq Cəfərov, Zaur Şükürov, aidiyyəti dövlət qurumlarının təmsilçiləri və digər rəsmi şəxslər iştirak ediblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    November 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930