azturkxeber.az
http://azturkxeber.az

Zəngilanda “Zəfərin beş ili: Dövlətçilik və hüququn qələbəsi” mövzusunda konfrans keçirilib

05-11-2025

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə əldə olunmuş tarixi Zəfərin beşinci ildönümü münasibətilə Baş Prokurorluq tərəfindən Zəngilan Konqres Mərkəzində “Zəfərin beş ili: Dövlətçilik və hüququn qələbəsi” mövzusunda konfrans təşkil olunub.

İştirakçılar Ulu Öndər Heydər Əliyevin Zəngilan rayonunun Ağalı kəndində ucaldılmış büstünü və Zəngilan şəhərində yerləşən Şəhidlər Xiyabanını ziyarət edərək gül dəstələri qoyublar, Ulu Öndərin və şəhidlərimizin əziz xatirəsini ehtiramla yad ediblər.

Konfransdan əvvəl Ümummilli Lider Heydər Əliyevin, eləcə də Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış mübarizələrdə şəhid olmuş qəhrəman əsgər və zabitlərimizin, mülki vətəndaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Baş prokuror Kamran Əliyev tədbiri giriş sözü ilə açaraq Zəfərin beşinci ildönümünün dərin mənəvi və tarixi əhəmiyyətindən danışıb. O, Azərbaycan xalqının bu möhtəşəm Qələbəni Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi milli dövlətçilik kursuna, Prezident İlham Əliyevin müdrik və qətiyyətli siyasətinə, eləcə də xalq–ordu birliyinə borclu olduğunu vurğulayıb. Baş prokuror bildirib ki, 44 günlük Vətən müharibəsi Azərbaycanın dövlətçilik tarixində dönüş nöqtəsi olmaqla, beynəlxalq hüququn və ədalətin qələbəsini təmin edib. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun misilsiz qəhrəmanlığı nəticəsində ərazi bütövlüyümüz bərpa olunub, dövlət suverenliyi tam təmin edilib.

Kamran Əliyev həmçinin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın Vətən müharibəsi və sonrakı bərpa–quruculuq dövründə göstərdiyi humanitar və mənəvi liderlik fəaliyyətini qeyd edib. O, Birinci vitse-prezidentin qayğısı sayəsində şəhid ailələrinə, qazilərə və müharibədən zərər çəkmiş insanlara göstərilən dəstəyin dövlətimizin sosial ədalət siyasətinin bariz nümunəsi olduğunu bildirib.

Baş prokuror çıxışında işğaldan azad edilmiş ərazilərdə prokurorluq orqanlarının fəaliyyətinin təşkili, hüquqi sistemin bərpası və qanunçuluğun təmin olunması istiqamətində görülən işlərdən danışıb, bu sahədə qarşıda duran prioritet vəzifələri diqqətə çatdırıb.

Zəngilan, Qubadlı və Cəbrayıl rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev çıxışında dövlət başçısının rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işlərinin aparıldığını, qısa müddətdə müasir infrastrukturun qurulduğunu qeyd edib. O, Zəngilan rayonunda keçirilən bu kimi tədbirlərin dövlətçiliyimizin möhkəmlənməsinə və Zəfərin ideoloji dəyərinin gənc nəslə ötürülməsinə xidmət etdiyini vurğulayıb.

Azərbaycan Respublikasının Hərbi prokuroru, Baş prokurorun müavini Bəhruz Əhmədov Vətən müharibəsi dövründə və ondan sonrakı mərhələdə hərbi prokurorluq orqanlarının həyata keçirdiyi hüquqi nəzarət tədbirlərindən danışıb, dövlətin müdafiə qabiliyyətinin və hərbi intizamın qorunmasında prokurorluğun mühüm rolunu qeyd edib.

Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik və Təhqiqat Baş İdarəsinin rəisi Azər İbrahimov hərbi sahədə şəffaflıq və qanunçuluğun təmin edilməsi istiqamətində görülən tədbirləri, həmçinin Baş Prokurorluqla əməkdaşlığın əhəmiyyətini diqqətə çatdırıb.

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Qubadlı Əlahiddə Sərhəd Diviziyasının komandiri Azad Abdullayev sərhəd təhlükəsizliyinin təminində əldə olunan uğurları, azad edilmiş sərhəd bölgələrində yaradılan yeni infrastruktur və xidmət şəraitini iştirakçılara təqdim edib.

Milli Məclisin deputatı Ceyhun Məmmədov çıxışında Azərbaycan Zəfərinin həm siyasi, həm mənəvi, həm də hüquqi qələbə olduğunu vurğulayıb və ölkəmizin regionda sülhün və sabitliyin təminatçısına çevrildiyini qeyd edib.

Zəngilan rayon prokuroru Qibləli Kərimov isə rayonun azad edilməsindən sonra prokurorluq orqanlarının fəaliyyətinin təşkili, hüquq-mühafizə strukturları ilə koordinasiya və qanunçuluğun təmin olunması istiqamətində görülən işlər barədə məlumat verib.

Konfrans çərçivəsində Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin şöbə rəisi Nigar Qələndərli tərəfindən “Qarabağ Azərbaycandır!” kitabının II cildinin təqdimatı keçirilib. Təqdimatda iştirakçılara məlumat verilib ki, kitabın yeni nəşri Vətən müharibəsi dövründə və sonrakı bərpa mərhələsində hüquq-mühafizə orqanlarının fəaliyyətini, ədalətin bərpası istiqamətində görülmüş işləri və beynəlxalq hüququn tətbiqi məsələlərini əhatəli şəkildə təqdim edir. Kitabda həmçinin işğaldan azad edilmiş ərazilərdə dövlətçilik, hüquq və təhlükəsizlik sahəsində həyata keçirilmiş tədbirlər, müharibə zamanı və sonrasında prokurorluq orqanlarının həyata keçirdiyi hüquqi nəzarət tədbirləri barədə geniş məlumatlar yer alıb. Təqdimat zamanı tədbir iştirakçılarının bir qisminə kitab nüsxələri hədiyyə olunub və Zəfərin ideoloji və tarixi əhəmiyyəti geniş auditoriyaya çatdırılıb.

Konfrans çərçivəsində Zəfərin beşinci ildönümünə həsr olunmuş videoçarx nümayiş etdirilib, səmərəli müzakirələr aparılıb.

Müzakirələr zamanı Milli Aviasiya Akademiyasının İqtisadiyyat və Hüquq fakültəsinin dekanı, hüquq elmləri doktoru, professor Ayxan Rüstəmzadə, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin dekanı, hüquq üzrə fəlsəfə doktoru Zaur Əliyev, Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Hüquq kafedrasının professoru, hüquq elmləri doktoru Namiq Əliyev, Vəkillər Kollegiyası Tədris Mərkəzinin direktoru, hüquq elmləri doktoru, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin İnsan hüquqları və informasiya hüququ üzrə UNESCO kafedrasının professoru Əmir Əliyev, Ədliyyə Nazirliyi Ədliyyə Akademiyasının prorektoru, hüquq üzrə fəlsəfə doktoru Elçin Xələfov, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun Fəlsəfə-hüquqi təlimlər və suverenlik şöbəsinin müdiri, hüquq elmləri doktoru, professor Habil Qurbanov, Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü İlhamə Həsənova, Daxili İşlər Nazirliyinin Polis Akademiyasının Cinayət prosesi kafedrasının rəisi, hüquq üzrə fəlsəfə doktoru Səyyad Ağayev, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin rəis müavini, iqtisad üzrə fəlsəfə doktoru, hüquq elmləri doktoru Mirəli Kazımov, eləcə də Qarabağ Universitetinin birinci kurs tələbəsi Ayan Əliyeva öz qeydlərini bildirib və konfransın əhəmiyyəti barədə fikirlərini bölüşüblər.

Xatirə fotoşəkli çəkildikdən sonra işğaldan azad edilmiş bölgələrin yenidən qurulması, yaşıl bərpa və davamlı inkişaf istiqamətində həyata keçirilən layihələrə dəstək məqsədilə Zəngilan şəhərində ağacəkmə aksiyası keçirilib.

Aksiya çərçivəsində hər ağacın torpağa əkilməsi Azərbaycanın milli birliyi, müstəqilliyi və tarixi Zəfərin simvolu kimi qiymətləndirilib, həm rəmzi, həm də ekoloji əhəmiyyət daşıyıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    November 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930