azturkxeber.az
http://azturkxeber.az

Ombudsman Aparatında Zəfər Günü ilə bağlı tədbir keçirilib

05-11-2025

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatında 8 Noyabr – Zəfər Günü ilə bağlı tədbir təşkil olunub.

Tədbirdən əvvəl Ombudsman Səbinə Əliyeva və Aparatın kollektivi Hərbi Memorial Kompleksini ziyarət edərək, şəhidlərin əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Tədbirdə çıxış edən Ombudsman Səbinə Əliyeva xalqımızın birlik, iradə və yenilməzliyinin rəmzi olan 8 Noyabr tarixinin hər bir azərbaycanlının yaddaşına əbədi həkk olunduğunu bildirib.

Müvəkkil Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi, Ordumuzun qəhrəmanlığı və xalqımızın sarsılmaz birliyi sayəsində Vətən müharibəsində əldə edilmiş şanlı Zəfər nəticəsində torpaqlarımızın işğaldan azad olunduğunu, ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpa edildiyini diqqətə çatdırıb, O, Böyük Qayıdış proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq layihələrinin uğurla həyata keçirildiyini və keçmiş məcburi köçkünlərin öz yurdlarına qayıdışının təmin olunduğunu qeyd edib.

Səbinə Əliyeva müharibə və postmüharibə dövründə Ermənistan silahlı qüvvələrinin mülki əhaliyə qarşı törətdiyi müharibə cinayətlərinin araşdırılması ilə bağlı Ombudsman tərəfindən faktaraşdırıcı missiyaların həyata keçirildiyini, həmin missiyaların nəticələri əsasında hazırlanmış hesabat, bəyanat və müraciətlərin beynəlxalq təşkilatlara təqdim edildiyini diqqətə çatdırıb. Müvəkkil təsisatın işğaldan azad olunmuş ərazilərdə insan hüquqlarının təmininə, sosial rifahın bərpasına yönəlmiş təşəbbüsləri davam etdirdiyini bildirib.

Daha sonra “Zəfər” Şəhid ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alizadə Zəfər Gününün xalqımızın birlik və qəhrəmanlıq rəmzi kimi gələcək nəsillərə örnək olduğunu qeyd edib, şəhid ailələrinə göstərilən diqqət və qayğının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu vurğulayıb.

İkinci Qarabağ müharibəsinin iştirakçısı Mobil Əhmədzadə Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun göstərdiyi şücaətdən, müharibə iştirakçılarına və veteranlara dövlət tərəfindən nümayiş olunan diqqət və qayğıdan, Vətən müharibəsi dövründə Ombudsmanın hərbi qulluqçuların hüquqlarının müdafiəsi istiqamətində həyata keçirdiyi fəaliyyətdən danışıb.

Ombudsman Aparatının əməkdaşı, Vətən müharibəsinin iştirakçısı Samir Quliyev əldə olunan şanlı Zəfərin Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında qalib Ordumuzun fədakarlığı, xalqımızın birliyi sayəsində mümkün olduğunu bildirib.

Tədbir zamanı “Zəfər” Şəhid ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alizadə və Ombudsman Aparatının bir qrup əməkdaşı Ombudsman Səbinə Əliyeva tərəfindən “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) təsisatının 20 illiyi (2002-2022)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    November 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930