Sudanın Azərbaycandakı səfirliyində Əl-Faşerdə törədilən soyqırımla bağlı mətbuat konfransı keçirilib
Noyabrın 1-də Sudanın Azərbaycandakı səfirliyində yerli media nümayəndələri üçün “Sudanda baş verən son hadisələr (Əl-Faşer soyqırımı)” mövzusunda mətbuat konfransı keçirilib.
Tədbirdə Sudandakı vəziyyət, xüsusilə də Faşer şəhəri və Darfur bölgəsində baş vermiş faciə, eləcə də beynəlxalq ictimaiyyətin reaksiyası müzakirə olunub.
Konfrans zamanı Sudanda törədilən terror və qətliamı əks etdirən videoçarx nümayiş etdirilib. Kadrlarda silahlı qruplar tərəfindən güllələnən qadınlar, öldürülən uşaqlar, ağaclardan asılmış insanlar, yandırılmış evlər və xəstəxanada qətlə yetirilmiş xəstələr görünür. Görüntülərdən aydın olur ki, qurbanların hamısı dinc əhalidir.
Sudanın fövqəladə və səlahiyyətli səfiri Ənəs Eltayeb Elqaylani Mustafa bildirib ki, bu cinayətlər və zorakılıq aktları minlərlə insanın evlərini tərk etməsinə, ölkə daxilində geniş miqyasda əhali yerdəyişməsinə səbəb olub.
Diplomat vurğulayıb ki, Sudan hökuməti hadisələrin beynəlxalq səviyyədə araşdırılması, günahkarların məsuliyyətə cəlb olunması və humanitar yardımın təmin edilməsi üçün beynəlxalq ictimaiyyətə çağırış edib.
Səfir əlavə edib ki, hökumət sülh və sabitliyin bərpası naminə bütün regional və beynəlxalq tərəfdaşlarla əməkdaşlığa hazırdır.
Qeyd olunub ki, bölgədə hərbi əməliyyatlar və zorakılıqlar nəticəsində minlərlə dinc sakin qətlə yetirilib, yaşayış məntəqələri dağıdılıb, on minlərlə insan məcburi şəkildə öz evlərini tərk edib. Əl-Faşer və ətraf ərazilər bu gün etnik təmizləmə və soyqırımı səviyyəsinə çatan kütləvi cinayətlərin şahididir.
Səfirlik beynəlxalq ictimaiyyəti və BMT Təhlükəsizlik Şurasını bu hadisələrə sərt reaksiya verməyə, cinayətkarları məsuliyyətə cəlb etməyə və silahlı qruplaşmanın terror təşkilatı kimi tanınmasına çağırıb.
Vurğulanıb ki, bəzi xarici və regional qüvvələrin üsyançılara silah və maliyyə dəstəyi verməsi Sudan kəşfiyyat orqanları tərəfindən sənədlərlə sübuta yetirilib.
Səfirlik vurğulayıb ki, Əl-Faşerdəki faciə Xocalı soyqırımını xatırladır və beynəlxalq təşkilatların susqunluğu insan hüquqlarına və ədalət prinsiplərinə ziddir.
Sudan hökuməti sülh və sabitliyin bərpasına, humanitar yardımın çatdırılmasına və siyasi həll yollarının tapılmasına sadiqliyini bir daha təsdiqləyib.
Səfirlik Səudiyyə Ərəbistanı, Misir, Küveyt, İslam Əməkdaşlıq Təşkilatı, Afrika İttifaqı və Türkiyə kimi ölkə və təşkilatlara dəstəyə görə təşəkkürünü ifadə edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:



