Azərbaycanın dəstəyi ilə Keniyada Gənclərin Liderlik və İnnovasiya Mərkəzi fəaliyyətə başlayıb
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) dəstəyi ilə Keniyanın paytaxtı Nayrobi şəhərində Gənclərin Liderlik və İnnovasiya Mərkəzi fəaliyyətə başlayıb.
Azərbaycanın Keniyadakı səfirliyindən bildirilib ki, Mərkəz gənclərin bacarıqlarının və cəmiyyətdə rolunun artırılması, liderlik qabiliyyətlərinin inkişaf etdirilməsi, eləcə də uğurlu karyera qurmaları üçün səyləri dəstəkləmək məqsədini daşıyır.
“Beynəlxalq Gənclər Şəbəkəsi” İctimai Birliyi və Keniya Xüsusi Təlim-Tədris İnstitutunun təşkilatçılığı ilə noyabrın 1-də baş tutmuş açılış mərasimində layihənin təşəbbüskarı, “Beynəlxalq Gənclər Şəbəkəsi” İctimai Birliyinin təsisçi himayədarı, Keniya Prezidentinin qızı Şarlin Ruto, AIDA-nın direktoru Elməddin Mehdiyev, Azərbaycanın Keniyadakı səfiri Sultan Hacıyev, habelə ictimai xadimlər və gənclər iştirak edib.
Ş. Ruto bir neçə dəfə səfərdə olduğu Azərbaycanın inkişafı, milli-mənəvi dəyərləri, inkişaf etməkdə olan ölkələrə dəstəyi barədə söz açıb. Ölkəmizin qazandığı nailiyyətlərin hər bir xalq və dövlət üçün ilham mənbəyi olduğunu dilə gətirib. Gənclərin Liderlik və İnnovasiya Mərkəzinin yaradılmasına Azərbaycan hökumətinin göstərdiyi dəstəyə görə minnətdarlığını ifadə edib. O, belə layihələrin, eləcə də “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramı çərçivəsində keniyalı gənclərə verilən təqaüdlərin xalqlarımız arasında dostluq və tərəfdaşlıq bağlarının güclənməsinə mühüm töhfə olduğunu diqqətə çatdırıb.
E. Mehdiyev Azərbaycanın bu layihəyə dəstəyinin, habelə təhsil təqaüdləri və Keniyada həyata keçirilmiş digər humanitar və inkişafa yardım məqsədli layihələrin Azərbaycan və Keniya arasında inkişaf edən münasibətlərin tərkib hissəsi olduğunu bildirib.
Səfir S. Hacıyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Keniya Respublikasının Prezidenti Uilyam Samoei Ruto arasında sentyabrın 23-də BMT Baş Assambleyası çərçivəsində keçirilmiş görüşün siyasi əhəmiyyətini vurğulayıb. O, AIDA xətti ilə reallaşan layihələrlə yanaşı, Heydər Əliyev Fondunun “Afrika ölkələrində təhsil və mədəniyyətin inkişafı” layihəsi çərçivəsində Nayrobi tam orta məktəbinə və ölkənin bir neçə xəstəxanasının yeni doğulan uşaqlar bölməsinə texniki təchizat yardımı göstərildiyini qeyd edib.
Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti bir sıra ikitərəfli görüşlər keçirib, müxtəlif istiqamətlər üzrə, o cümlədən humanitar sahədə gələcək əməkdaşlıq imkanları müzakirə olunub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:







