azturkxeber.az
http://azturkxeber.az

ABŞ-da immuniteti xərçəngi məhv etməyə vadar edən nanohissəciklər yaradılıb

01-11-2025

ABŞ-da immuniteti xərçəngi məhv etməyə vadar edən nanohissəciklər yaradılıb

Bakı, 1 noyabr, AZƏRTAC

Amerikalı biokimyaçılar seçici şəkildə yumurtalığın şiş hüceyrələrinin səthinə birləşən və immunitet sistemini yeni törəməni (şişi) məhv etməyə vadar edən polimer nanohissəciklər hazırlayıblar. Bu strukturların fəaliyyəti siçanlar üzərində aparılan təcrübələrdə yoxlanılıb.

Bu barədə Massaçusets Texnologiya İnstitutunun (MIT) mətbuat xidməti məlumat yayıb.

“Əsas nailiyyətimiz ondan ibarətdir ki, biz immun hüceyrələrinin aktivliyini stimullaşdıran IL-12 zülalını hədəfli şəkildə birbaşa şişin içinə çatdıra bildik. Bunun sayəsində xərçəng hüceyrələrinin davranışını elə dəyişdirdik ki, onlar özləri immunitetin diqqətini yeni törəməyə cəlb edir və onu bu xərçəng formasını daha fəal şəkildə məhv etməyə vadar edirlər”, – deyə institutun mətbuat xidməti professor Paula Hemmondun sözlərindən sitat gətirir.

Alimlərin qeyd etdiyinə görə, bir çox şiş hüceyrəsi immunitetin aktivliyini boğan və törəmələrin məhvində mühüm rol oynayan T-hüceyrələrinin onların içinə nüfuz etməsinə mane olan siqnal molekulları dəstləri ifraz edir. Bu cür şişlərlə mübarizə aparmaq üçün alimlər müxtəlif immunoterapiya formaları hazırlayırlar ki, bu da T-hüceyrələrini həmin siqnalları gözardı etməyə və yeni törəmələrin içinə daxil olmağa məcbur edir.

Belə manipulyasiyalar ağciyər və ya dəri xərçəngi kimi bəzi şiş formalarına qarşı terapiyaların effektivliyini əhəmiyyətli dərəcədə artırır, lakin onlar çox vaxt digər törəmələrə, o cümlədən yumurtalıq xərçənginə müsbət təsir göstərmir. Alimlərin sözlərinə görə, bu, o cümlədən onunla bağlıdır ki, yumurtalıq şiş hüceyrələri immuniteti eyni anda bir neçə yolla boğur və bu da həmin müdafiəni yalnız bir immunoterapiya vasitəsilə “sındırmağa” imkan vermir.

Müşahidələr göstərib ki, nanohissəciklər təkbaşına gəmiricilərin 30%-ni ölümdən qoruyub, immunoterapiya ilə birlikdə tətbiq edildikdə isə 80% fərd üçün müsbət nəticə əldə olunub. Bu, immunoterapiyaya zəif tabe olan digər xərçəng formaları üçün də oxşar terapiyaların yaradılmasına ümid verir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    November 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930