azturkxeber.az
http://azturkxeber.az

Sofiyada İqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Bolqarıstan Hökumətlərarası Komissiyanın 7-ci iclası keçirilib

31-10-2025

İclasdan əvvəl hökumətlərarası komissiyanın Azərbaycan tərəfindən həmsədri, kənd təsərrüfatı naziri Məcnun Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə komissiyanın Bolqarıstan tərəfindən həmsədri, energetika naziri Jeço Stankovun rəhbərlik etdiyi nümayəndə heyəti arasında ikitərəfli görüş olub. Görüşdə Azərbaycanla Bolqarıstan arasında ikitərəfli əməkdaşlığın istiqamətləri, enerji, nəqliyyat, kənd təsərrüfatı, texnologiya transferi, ticarət dövriyyəsinin artırılması, qarşılıqlı investisiyaların təşviqi, məhsulların üçüncü ölkələrə ixracı zamanı Orta Dəhlizin yaratdığı üstünlüklərdən istifadə, qida təhlükəsizliyi, ətraf mühitin mühafizəsi, əmək və sosial müdafiə, səhiyyə, mədəniyyət, turizm sahələrində əməkdaşlıq və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Daha sonra İqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Bolqarıstan Hökumətlərarası Komissiyanın 7-ci iclası öz işinə başlayıb.

İqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Bolqarıstan Hökumətlərarası Komissiyanın həmsədri, energetika naziri Jeço Stankov qeyd edib ki, Bolqarıstan tərəfi qarşılıqlı maraq doğuran bütün sahələrdə - ticarət və sənaye, investisiyalar, enerji, nəqliyyat, kənd təsərrüfatı, müdafiə, turizm, mədəniyyət və digər sahələrdə Azərbaycanla əməkdaşlıqda maraqlıdır. Azərbaycanı Bolqarıstanın strateji iqtisadi tərəfdaşı adlandıran Jeço Stankov enerji sahəsində əlaqələrin ikitərəfli münasibətlərdə əsas rol oynadığını vurğulayıb. O əlavə edib ki, Bolqarıstan enerji mənbələrinin və marşrutlarının şaxələndirilməsini prioritet istiqamət kimi müəyyən edən Azərbaycanla əməkdaşlığın genişləndirilməsinə mühüm önəm verir.

İqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Bolqarıstan Hökumətlərarası Komissiyanın həmsədri, kənd təsərrüfatı naziri Məcnun Məmmədov 30 ildir ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin uğurla inkişaf etdiyini, Azərbaycanın Bolqarıstanla qurulmuş çoxşaxəli əməkdaşlığa əsaslanan münasibətlərin genişləndirilməsinə böyük əhəmiyyət verdiyini və bütün sahələrdə əlaqələrin inkişafı üçün böyük potensialın olduğunu qeyd edib. Həmsədr iki ölkənin iqtisadi potensialını nəzərə alaraq ticarət əlaqələrinin daha da şaxələndirilməsinin, ticarət dövriyyəsinin artırılmasının vacibliyinə diqqət çəkib və bildirib ki, birgə təşkil olunan biznes forumlar, ixracyönümlü rəqabətqabiliyyətli məhsullar haqqında mütəmadi məlumat mübadiləsi aparmağa imkan verəcək.

Nazir Azərbaycanın istehsal etdiyi məhsulların, o cümlədən kənd təsərrüfatı məhsullarının Bolqarıstan vasitəsilə Avropa İttifaqı və üçüncü ölkələrə ixracı ilə bağlı yaranan çətinliklərin və bürokratik əngəllərin aradan qaldırılmasının vacibliyinə toxunub. Məcnun Məmmədov hər iki ölkənin iş adamlarını məhsul ixracı üçün əlverişli coğrafi mövqelərdən, Azərbaycan və Bolqarıstandakı iqtisadi zonaların üstünlüklərindən maksimum yararlanmağa çağırıb.

Daha sonra İqtisadi əməkdaşlıq üzrə Azərbaycan−Bolqarıstan Hökumətlərarası Komissiyanın 7-ci iclasının yekunlarına dair protokol imzalanıb. Sənəd iki ölkə arasında iqtisadiyyat, kənd təsərrüfatı, qida təhlükəsizliyi, sənaye, energetika, nəqliyyat, informasiya kommunikasiya texnologiyaları, elmi-texniki və humanitar, sosial, səhiyyə, ətraf mühit və turizm sahələrində ikitərəfli əməkdaşlığı daha da inkişaf etdirməyi nəzərdə tutur. Yekun protokolda həmçinin iki ölkə arasında ikitərəfli münasibətlərin hüquqi-normativ bazasının daha da təkmilləşdirilməsi niyyəti öz əksini tapıb.

Tərəflər İqtisadi əməkdaşlıq üzrə Azərbaycan−Bolqarıstan Hökumətlərarası Komissiyanın 8-ci iclasının gələn il Azərbaycanda keçirilməsi barədə razılığa gəliblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2025    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031