Naxçıvanda “Yay düşərgəsi”ndə iştirak edən uşaqlarla görüş keçirilib
“Konstitusiya və Suverenlik İli” çərçivəsində Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin dəstəyi, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının birgə təşkilatçılığı ilə Ağbulaq İstirahət Mərkəzində xüsusi kateqoriyadan olan uşaqlar üçün “Zəfər yolunun davamçıları” adlı “Yay düşərgəsi” təşkil edilib.
Sentyabrın 9-da “Yay düşərgəsi” iştirakçıları ilə görüş keçirilib.
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədli səmimi söhbət zamanı qeyd edib ki, gələcəyimiz olan uşaqlara xüsusi qayğı Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir. Ölkə başçısı cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva da bu istiqamətdə siyasəti uğurla davam etdirir, uşaqlara göstərilən diqqət və qayğının miqyası ildən-ilə artır. Bu gün təşkil olunan “Zəfər yolunun davamçıları” adlı “Yay düşərgəsi” də dövlət-uşaq siyasətinin tərkib hissəsi kimi mühüm əhəmiyyət daşıyır.
“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” barədə məlumat verən səlahiyyətli nümayəndənin müavini qeyd edib ki, Dövlət Proqramında ölkəmizin sabahı olan uşaqların təhsili, sağlamlığı və layiqli vətəndaş kimi böyüməsi üçün tədbirlərin görülməsi əhatəli əksini tapıb.
Samir Seyidəhmədli düşərgənin yeni dostluqlar qazanılması, birlik və vətənpərvərlik duyğularının yüksəldilməsi baxımından yaxşı bir fürsət olduğunu bildirib, uşaqlara yaradılan şəraitdən səmərəli istifadə etməyi tövsiyə edib, onlara xoş və mənalı istirahət arzulayıb.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova qeyd edib ki, Naxçıvanda daimi monitorinqlər aparılır, sosial qayğıya ehtiyacı olan, o cümlədən valideyn himayəsindən məhrum olan uşaqların təhsili, sağlamlığı, reabilitasiyası və cəmiyyətə inteqrasiyası təmin olunur. O cümlədən yeni tədris ili ərəfəsində məktəbli ləvazimatları, dərs vəsaitləri, eləcə də xüsusi və bayram günlərində müxtəlif hədiyyələr təqdim olunur.
Azərbaycan Respublikası Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev Naxçıvanda xüsusi kateqoriyadan olan uşaqların iştirakı ilə düşərgə və digər tərdbirlərin keçirilməsinin davamlı xarakter aldığını vurğulayıb, yay və qış düşərgələrinin bundan sonra da davam etdiriləcəyini bildirib. Qeyd edib ki, 9-11 sentyabr tarixlərini əhatə edəcək “Zəfər yolunun davamçıları” adlı düşərgədə müxtəlif yaş qrupları üzrə 29 uşaq, eləcə də 5 nəzarətçi iştirak edir. Düşərgə iştirakçıları arasında Naxçıvan Muxtar Respublikası ilə yanaşı, Bakı şəhərindən də dəvət olunmuş uşaqlar var.
Uşaqlar səmimi söhbətə və düşərgənin təşkilinə görə minnətdarlıq ediblər.
Sonda xatirə fotosu çəkdirilib.