“McLaren”in dəyəri beş il ərzində altı dəfə artıb
“McLaren” komandasına sahib olan şirkətin dəyəri hazırda təxminən 3,5 milyard funt-sterlinq təşkil edir. AZƏRTAC xəbər verir ki, son beş ildə onun bazar dəyəri altı dəfədən çox yüksəlib.
Bu qədər artım “McLaren Group”un səhmdar strukturundakı dəyişikliklərin nəticəsi olub. 2020-ci ildə şirkətin 33 faiz payını Amerikanın “MSP Capital” 185 milyon funt ödəyərək almışdı. Lakin indi həmin payı Bəhreynin dövlət investisiya fondu olan “Mumtalakat” və Əbu-Dabiyə məxsus “CYVN Holdings” satın alıb. Əgər beş il əvvəl “McLaren Racing” 560 milyon funt dəyərində qiymətləndirilirdisə, indi bu rəqəm 3,5 milyard funtdur.
Keçən ilə qədər “McLaren”in nəzarət aksiyalar paketi məhz “Mumtalakat” fonduna məxsus idi, lakin 2024-cü ilin dekabrında fond bütün paylarını CYVN şirkətinə satdı.
“Bu, McLaren Racing üçün möhtəşəm gündür”, – deyə “BBC Sport komandanın rəhbəri Zak Braunun sözlərindən sitat gətirir. “Hələ yaxın keçmişdə biznesimiz riskli idi və biz rəqabətədavamlı deyildik. Amma indi, beş ildən sonra baş verənlər həm “Formula 1”də büdcə məhdudiyyətləri dövrünün uğurunu, həm də bizim yenidən rəqabətədavamlı səviyyəyə qayıtmağımızı göstərir. “McLaren”in yenidən qələbələr uğrunda mübarizə aparması sevindiricidir və səhmdarların strukturunun sadələşməsi də əla oldu”, - deyə o söyləyib.
Ötən il “McLaren” komandası 1998-ci ildən bəri ilk dəfə Konstruktorlar Kubokunu qazanıb və hazırda həm pilotlar, həm də komandalar üzrə dünya çempionatında liderliyə yaxınlaşır. Onun sürücüləri Oskar Piastri və Lando Norris komanda hesabında ilk iki yeri tutur və builki 15 yarışdan 12-sində qələbə qazanıblar.
“McLaren Racing” “McLaren Group”un tərkibinə daxildir. “Mumtalakat” və CYVN-in şirkətin bütün səhmlərini alması barədə rəsmi açıqlama çərşənbə axşamı verilib.