![]()
![]()
![]()
Azərbaycan Şahmat Federasiyasının təşəbbüsü ilə ilk dəfə keçirilən “Azərbaycan Şahmat Turu” (Chess Tour Azerbaijan) layihəsində ilk 6 yarış başa çatıb. Bununla da yaz-yay mövsümündə nəzərdə tutulan “open” yarışlar yekunlaşıb.
Seriyada ümumilikdə 1553 (onlardan 300-ü qadın) iştirakçı mübarizə aparıb. Onlar arasında 26 GM, 37 IM, 2 WIM, 35 FM, 6 WFM, 14 CM, 12 WCM titullu şahmatçı var. Bütün bu sayı 20 fərqli federasiyadan 971 fərqli adda şahmatçı təşkil edib.
Sözsüz ki, “Chess Tour Azerbaijan” layihəsinin yekunlaşan turnirlərində nəticələrə əsasən əsas ulduz Xaqan Əhməd olub. İştirak etdiyi 5 yarışdan 3-də qalib olan Xaqan Şəkidən Qubayadək reytinqini 56 vahid artırmaqla 2449-a çatdırıb.
Beynəlxalq usta (IM) Xəzər Babazadə “Baku Open”də uğurlu çıxışının təsadüfi olmadığını “Shamakhi Open”in qalibi olmaqla təsdiq edib. Sevindirici haldır ki, ardınca Xəzər Türkiyə 1-ci liqasında uğulu çıxış edərək 2500-lük reytinq səddini aşmağı da bacarıb.
Ukrayna təmsilçisi GM Vitaliy Bernadski iştirak etdiyi 5 yarışdan 3-də 2-ci, 1-də isə 4-cü olmaqla layihənin yaddaqalan simalarından birinə çevrilib.
4 şahmatçı seriyada bu günədək keçirilən 6 yarışın hamısında iştirak edib. Bunlar - IM Vüqar Manafov, CM Tunar Davudov, Ələkbər İsmayılov və Sadəgül Əfəndidir. 9 şahmatçı 5 yarışda, 53 şahmatçı 4 yarışda, 102 şahmatçı 3 yarışda, 167 şahmatçı 2 yarışda iştirak etdi.
GM Əhməd Əhmədzadə və GM Məhəmməd Muradlının cəsarətli iştirakları, Əhmədin “Vüqar Həşimov Open”in qalibi olması da qeydə olunmalı faktlar sırasındadır.
Yarışlar üzrə iştirakçı sayı aşağıdakı kimidir:
• Baku Open - 576 şahmatçı
• Sheki Open - 260 şahmatçı
• Shamakhi Open - 102 şahmatçı
• Lankaran Open - 176 şahmatçı
• Guba Open - 234 şahmatçı
• Gashimov Open - 205 şahmatçı
“Chess Tour Azerbaijan” layihəsi demək olar ki, bütün ölkəni əhatə etməklə regional inkişaf üçün geniş imkanlar yaradır. Bölgə şahmatçısı “open” yarışda iştirak etmək üçün yaşadığı ünvandan ən çoxu 100 km (əksərən bu rəqəm daha azdır) məsafə qət etməli olur.
Layihə əksər şahmatçılarımızın uzun illər nəzərə çarpan oyun təcrübəsizliyinin aradan qaldırmağa kömək edir. Dünya və Avropa çempionatlarında ölkəni təmsil edəcək yeniyetmə şahmatçılarımızın yarışlarda uğurlu çıxışı və təcrübə qazanması sevindirici məqamlardandır.
"Chess Tour Azerbaijan” davam edir. Noyabr ayında Şirvan və Gəncə şəhərlərində seriyanın növbəti (sonuncu) 2 yarışı keçiriləcək. Şahmatçılarımızı həmin yarışlardan da maksimum faydalanmağa dəvət edirik.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.