Beynəlxalq triatlon yarışında ilk azərbaycanlı hakim
Azərbaycan triatlonu üçün əlamətdar hadisə – milli komandamızın məşqçisi və təcrübəli hakim Balaheydər Kərimov ilk dəfə olaraq Dünya Triatlon yarışında ölkəmizi beynəlxalq hakim kimi təmsil edib. O, 9-10 avqust tarixlərində Rumıniyanın İzvorani şəhərində keçirilən Yeniyetmələrin Avropa Kubokunda uğurla hakimlik edərək beynəlxalq arenada ilk təcrübəsini qazanıb.
Balaheydər Kərimov triatlon üzrə gənclərdən ibarət Azərbaycan millisinin baş məşqçisidir. Onun rəhbərliyi altında gənc idmançılar beynəlxalq arenada uğurlu nəticələr əldə edib, ölkə daxilində isə triatlonun kütləviliyinin artırılması istiqamətində mühüm işlər görülüb. Hakimlik sahəsində də böyük təcrübəyə malik olan Kərimov respublikada keçirilən bir çox yerli və beynəlxalq yarışlarda, o cümlədən “IronWind” beynəlxalq triatlon yarışında baş hakim kimi çıxış edib.
Beynəlxalq səviyyədə fəaliyyətə hazırlaşmaq məqsədilə Balaheydər Kərimov 7-8 iyun tarixlərində Qırğızıstanın paytaxtı Bişkek şəhərində Qırğızıstan Triatlon Federasiyası və Asiya Triatlonunun təşkilatçılığı ilə keçirilən beynəlxalq hakimlik kursunu uğurla başa vurub. Bu kurs ona Dünya Triatlon qaydaları və beynəlxalq yarışların idarə olunması üzrə yüksək bilik və bacarıqlar qazandırıb.
“Bu yarış mənim üçün böyük təcrübə oldu. Gələcəkdə ölkəmizi daha çox beynəlxalq triatlon yarışlarında layiqincə təmsil etməyə çalışacağam,” – deyə Balaheydər Kərimov bildirib.
Azərbaycan Triatlon Federasiyası Balaheydər Kərimovun beynəlxalq hakim kimi debütünü milli triatlonun inkişafı üçün mühüm addım kimi dəyərləndirir və onun gələcək fəaliyyətinin daha böyük uğurlar gətirəcəyinə inanır.