İrina Zaretska Dünya Oyunlarında gümüş medal qazandı
Çin Xalq Respublikasının Çengdu şəhərində keçirilən 2025-ci il Dünya Oyunlarında Azərbaycan Karate Federasiyasının idman karatesi (WKF) üzrə milli komandasının üzvü İrina Zaretska növbəti uğurunu qazanıb.
Milli komandamızın üzvü -68 kq çəki dərəcəsində yüksək ustalıq nümayiş etdirərək ardıcıl qələbələr qazanıb və final mərhələsinə vəsiqə əldə edib. Həlledici görüşdə İrina Zaretska İsveçrə təmsilçisi Elena Quirici ilə qarşılaşıb. Gərgin idman mübarizəsi şəraitində keçən final qarşılaşmasında idmançımız rəqibinə məğlub olaraq gümüş medalla kifayətlənib.
Qeyd edək ki, İrina Zaretska analıq məzuniyyətinə qədər uzun müddət bu çəki dərəcəsində dünya reytinqinin lideri olub. Beynəlxalq arenaya qayıtdıqdan sonra da yüksək idman forması nümayiş etdirən karateçimiz hazırda dünya reytinqində ikinci yerdə qərarlaşıb.
Karateçimizi yarışlarda milli komandamızın baş məşqçisi Şahin Atamov müşayiət edib.
İrina Zaretskanın qazandığı bu uğur Azərbaycan idmançılarının beynəlxalq yarışlarda uğurlu çıxışlarının davamı kimi qiymətləndirilir və ölkəmizin idman şöhrətinin daha da möhkəmlənməsinə xidmət edir.