Məşhur şəkər əvəzedicisi xərçəng hüceyrələrini məhv etdi
Steviya (şəkərotu) yarpaqlarının ekstraktı şəkər əvəzedicisi kimi tanınır. Yaponiya alimlərin fikrincə banan yarpaqlarından əldə edilən probiotik vasitəsilə steviya fermentasiyası onu mədəaltı vəzi xərçəngi ilə mübarizədə effektiv vasitəyə çevirir. Bu barədə xarici mediaya istinadla xəbər verir.
Mədəaltı vəzi xərçəngi onkoloji xəstəliklər arasında ən aqressiv növlərdən biridir. Bu tip xərçənglə mübarizə üçün yeni preparatların hazırlanması müasir onkologiyanın əsas vəzifələrindən biri hesab olunur.
Hirosima Universitetinin (Yaponiya) alimləri müəyyən ediblər ki, təbii mənşəli olduğuna görə, süni şəkər əvəzedicilərindən daha sağlam alternativ sayılan steviya ekstraktı güclü antixərçəng aktivliyinə malikdir. Steviya yüksək konsentrasiyada belə sağlam hüceyrələrə zərər vermədən mədəaltı vəzi şiş hüceyrələrini öldürə bilir.
“In vitro” şəraitində aparılan bir sıra eksperimentlər zamanı alimlər steviya yarpaqlarının ekstraktının optimal konsentrasiyasını müəyyən ediblər – 1 millilitrə 200 mikroqram. Bu miqdarda ekstrakt xərçəng hüceyrələrinin 30 faizini məhv edib. Bundan əlavə, ekstraktın “Lactobacillus plantarum” süd turşusu bakteriyası ilə fermentasiyası nəticəsində steviyanın xərçəng əleyhinə xüsusiyyətlərinin əhəmiyyətli dərəcədə gücləndiyi məlum olub. Eyni konsentrasiyada fermentasiya olunmuş ekstrakt təhlükəli hüceyrələrin 90 faizini məhv edib.
Elmi işin müəlliflərinin fikrincə, bu nəticələr probiotiklərin təbii törəmə əleyhinə (antitumor) vasitələr kimi istifadəsi baxımından dəyərli tədqiqat perspektivlərini nümayiş etdirir. Alimlər gələcəkdə tədqiqatlarını laboratoriya heyvanları üzərində davam etdirməyi planlaşdırırlar.