Dövlət Komitəsinin sədri Bahar Muradova Uşaq Səfirlər Məclisinin ali məktəbə qəbul olmuş üzvləri ilə görüşüb
31 iyul 2025-ci il tarixində ali məktəblərə qəbul olunmaları ilə əlaqədar Uşaq Səfirlər Məclisindəki fəaliyyətlərini başa vuran səfirlərlə görüş zamanı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova gəncləri təbrik edərək onların həyatlarının növbəti mərhələsində – ali təhsil dövründə də uğurlar qazanacaqlarına inandığını bildirib. O, məktəb və ailə mühiti ilə kifayətlənməyən bu gənclərin daha geniş miqyasda ictimai-sosial həyata qoşularaq, həmyaşıdlarının inkişafı üçün əhəmiyyətli fəaliyyət göstərdiklərini qeyd edib.
B.Muradova Uşaq Səfirlər Məclisinin üzvlərinin uşaq hüquqlarının qorunması və təminatı ilə bağlı proseslərdə fəal iştirak etdiyini, dünyanı uşaqlar üçün daha yaşanılan bir cəmiyyətə çevirmək işinə töhfə verdiklərini vurğulayıb.
Komitə sədri bildirib ki, bu gün uşaqlar üçün bərabər imkanların mövcud olduğu, müstəqil və güclü Azərbaycan dövləti, həm ölkə daxilində, həm də beynəlxalq miqyasda uşaqların rifahı üçün yaxşı bir cəmiyyət formalaşdırılması nümunəsini yaradır və dünyaya sülh və ədalət çağırışları ünvanlayır.
B.Muradova Uşaq Səfirlər Məclisinin uşaq iştirakçılığının genişləndirilməsi baxımından Komitə üçün mühüm layihə olduğunu və bu layihənin uğurla həyata keçirilməsində iştirak edən hər bir gəncin əməyi ilə qürur duyduğunu deyib. O, bu layihə çərçivəsində göstərilən fəaliyyəti yüksək qiymətləndirib, səfirlərin nüfuzlu ali məktəblərə, o cümlədən xarici universitetlərə qəbul olunmalarını böyük nailiyyət adlandırıb. Xüsusilə qeyd edib ki, səfirlərin “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı” əsasında təhsil almaq hüququ qazanmaları onların üstün bacarıqlara sahib olduqlarının göstəricisidir.
Gənclərin uğurlarında valideynlərin və müəllimlərin mühüm rolunu vurğulayan Komitə sədri, onlara daim diqqət göstərməyin vacibliyini qeyd edib.
Çıxışının sonunda B.Muradova, bu gənclərin gələcəkdə də uşaqların hüquqlarının müdafiəsi prosesində fəal iştirak edə biləcəklərini, yeni səfirlər üçün mentor rolunu oynamaqla bu təşəbbüsün daha geniş yayılmasına töhfə verə biləcəklərini bildirib.
Görüşdə çıxış edən Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva bildirib ki, həyata keçirilən layihə öz uğurlarını artıq nümayiş etdirir və bu uğurun əsas səbəbi məhz Uşaq Səfirlər Məclisinin üzvlərinin fəaliyyəti ilə bağlıdır. O qeyd edib ki, səfirlər öz üzərində çalışmaqla, yalnız fərdi inkişaf yox, eyni zamanda cəmiyyətə töhfə vermək bacarıqları ilə layihənin ölkədə tanınması və uğur qazanması istiqamətində mühüm iş görüblər.
Aynur Sofiyeva, xarici universitetlərə qəbul olunan gənclərin orada əldə edəcəkləri bilik və bacarıqların, gələcəkdə ölkənin insan kapitalının formalaşmasında mühüm rol oynayacağına inamını ifadə edib.
Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova çıxış edərək, səfirləri təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb və nailiyyətlərinin davamlı olacağına inandığını bildirib.
Vətəndaşlıq məsuliyyəti və ictimai fəallığın önəmini vurğulayan S.Qəhrəmanova Azərbaycanın beynəlxalq aləmdə mövqeyinin gücləndirilməsi, ölkənin əldə etdiyi nailiyyətlərin tanıdılması və milli-mənəvi dəyərlərin təbliğinin əhəmiyyətini qeyd edərək, səfirlərin bu istiqamətdə görülən işlərə töhfə verəcəyinə əminliyini ifadə edib.
Yekunda Komitə sədri ali məktəblərə qəbul münasibətiləsəfirləri bir daha ürəkdən təbrik edib, gələcəkdə də fəal vətəndaş mövqeyi sərgiləməyi və öz potensiallarını daim artırmağı tövsiyə edib.
Sonda Məclisdə fəaliyyəti başa çatmış səfirlərə təşəkkürnamələr təqdim edilib, xatirə fotosu çəkilib.