UFAZ-da 10-cu dəfə qəbul imtahanı keçirilib
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) bakalavriat səviyyəsi üzrə 10-cu qəbul imtahanı keçirilib.
UFAZ-dan bildirilib ki, bu il əvvəlki illərlə müqayisədə rekord sayda — 627 nəfər imtahan vermək üçün müraciət edib. Onlardan 553 nəfəri imtahanda iştirak hüququ qazanıb. İmtahanda iştirak edən abituriyentlərin Dövlət İmtahan Mərkəzi üzrə orta balı 553,54 təşkil edib. Namizədlər arasında ən yüksək nəticə 681, ən aşağı nəticə isə 450 bal olub.
İmtahan iştirakçılarının 182-si qız, 279-u oğlandır. Namizədlərdən 330 nəfəri imtahanı Azərbaycan dilində, 131 nəfəri isə rus dilində verib.
İmtahan zamanı ADNSU-nun rektoru dosent Rüfət Əzizov prosesi yaxından izləyib və valideynlərlə görüş keçirib. Görüşdə imtahanların təşkili məqsədilə Strasburq Universitetinin Kimya və kimya mühəndisliyi tədqiqat şöbəsinin müdiri, UFAZ-ın magistratura proqramları üzrə koordinatoru professor Kristofer Serra da iştirak edib.
UFAZ-da 2025–2026-cı tədris ili üzrə bakalavriat səviyyəsinə 5 ixtisas üzrə ümumilikdə 190 tələbənin dövlət sifarişi əsasında qəbul olunması nəzərdə tutulur.
İmtahanın nəticələri iyulun 31-də elan olunacaq.