Donald Tramp Kir Starmerə Britaniya siyasəti ilə bağlı açıq məsləhətlər verib
ABŞ Prezidenti Donald Tramp Böyük Britaniyanın Baş naziri Kir Starmerə seçkilərdə “Reform UK” Partiyasının lideri Naycel Farajı məğlub etmək istəyirsə, vergiləri azaltmalı və qeyri-qanuni miqrasiyanı ciddi şəkildə nəzarətə almalı olduğunu bildirib.
ABŞ Prezidenti D. Tramp bu gün Şotlandiyada Turnberri qolf kurortunda Britaniya Baş naziri Kir Starmer ilə görüş keçirib. Görüşdən sonra jurnalistlər üçün qısa görüntü və sual imkanı yaradılan zaman Tramp fürsətdən istifadə edərək Starmerə açıq şəkildə siyasi məsləhətlər verib.
“Bilirsiniz, siyasət əslində çox sadədir. Deyəsən, sizinlə Naycel arasında müəyyən bir rəqabət var və bu da təbiidir. Bu, iki partiyanın mübarizəsidir. Amma ümumilikdə kim daha çox vergi azaldır, kim insanlara ən ucuz və keyfiyyətli enerjini təqdim edirsə, kim ölkəni müharibədən uzaq saxlayırsa… əsas budur”,- deyə, Donald Tramp qeyd edib. Baş nazir K. Starmer Trampın məsləhətlərinə heç bir şərh verməyib.
Şotlandiyanı sevdiyini bildirən Tramp, sentyabrda keçiriləcək dövlət səfərinə böyük səbirsizliklə hazırlaşdığını deyib. Lakin Tramp Londona səfəri zamanı şəhər meri Sadıq Xan haqqında sərt fikirlər səsləndirib: “Mən London meri ilə heç vaxt yaxın olmamışam. Məncə, o, çox xoşagəlməz bir insandır”, - deyə bildirib.
Tramp çıxışının əsas hissəsini immiqrasiya mövzusuna həsr edərək bildirib ki, ötənilki ABŞ seçkilərində bu məsələ bir nömrəli idi və Böyük Britaniyada da belə olacaq: “Düşünürəm ki, immiqrasiyada ən sərt və bacarıqlı mövqe tutan şəxs seçkidə qalib gələcək”.