Layihə rəhbəri: “Gənclərə dəstək” gənc istedadların gələcək böyük sənət həyatı üçün bir stimuldur
“Gənclərə dəstək” Azərbaycan Dövlət Akademik Filarmoniyasının layihəsidir. Bu layihənin məqsədi gənc və istedadlı ifaçıların, bəstəkarların gələcək böyük sənət həyatına vəsiqə verməkdir. Layihə 2016-cı ildə yaranıb və artıq 2017-ci ildən başlayaraq bu layihənin iştirakçıları olan gənc istedadlar hər il ənənəvi olaraq keçirilən Qəbələ Beynəlxalq Musiqi Festivalında uğurla çıxış edirlər.
Bu sözləri müsahibəsində “Gənclərə dəstək” layihəsinin rəhbəri Ayla Kərimova-Zəkəriyyə deyib. Bildirib ki, layihənin iştirakçıları beynəlxalq və respublika müsabiqələri laureatlarıdırlar. Beynəlxalq musiqi festivalında çıxış etmək onlar üçün çox gözəl bir stimuldur, gələcək musiqi həyatlarına çox böyük dəstəkdir: “Xüsusi istedadı olan uşaqların tanınması, onların peşəkarlıq səviyyələrinin artması, böyük səhnələrə yol tapmasında bu layihənin əhəmiyyəti danılmazdır”.