Azərbaycan ilə Slovakiya arasında mövcud əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb
İyulun 25-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Slovakiyanın səfiri Milan Layçakı ölkəmizdəki diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, görüşdə Azərbaycan ilə Slovakiya arasında mövcud əməkdaşlıq məsələləri, habelə regionda və dünyada hazırkı vəziyyət ətrafında fikir mübadiləsi aparılıb.
Səfirə Azərbaycanda fəaliyyəti müddətində Azərbaycan-Slovakiya ikitərəfli və çoxtərəfli əməkdaşlığının inkişafı istiqamətində göstərdiyi səylərə görə təşəkkür edilib, ona gələcək fəaliyyətində uğurlar arzulanıb.
İkitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafında qarşılıqlı səfər və təmasların, habelə siyasi məsləhətləşmələr mexanizmindən istifadənin vacibliyi qeyd olunub. Ötən il ölkəmizdə keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) zamanı iki ölkə liderləri arasında baş tutan görüşün, habelə müxtəlif beynəlxalq tədbirlər çərçivəsində xarici işlər nazirləri arasında aparılan fikir mübadilələrinin faydalı olduğu diqqətə çatdırılıb.
İqtisadiyyat, ticarət, elm, mədəniyyət və sair sahələr üzrə əməkdaşlığın geniş perspektivlərlərinin mövcud olduğu, bu istiqamətdə qarşılıqlı fikir mübadilələri və fəaliyyətin davam etdirilməsinin əhəmiyyəti qeyd edilib.
Milan Layçak Azərbaycanda fəaliyyəti müddətində göstərilən dəstək və səmimi qəbula görə təşəkkür edib, Azərbaycan-Slovakiya münasibətlərinin daha da inkişafı istiqamətində arzularını çatdırıb.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.