“Səriştələrin ölçülməsi: Peşəkar müəllim inkişafı” mövzusunda tədbir keçirilib
Beynəlxalq Muğam Mərkəzində “Səriştələrin ölçülməsi: Peşəkar müəllim inkişafı” mövzusunda təqdimat tədbiri təşkil olunub.
Tədbirdə Mədəniyyət Nazirliyinin əməkdaşları, attestasiya komissiyasının üzvləri, metodiki heyət, media nümayəndələri, attestasiya keçirilmiş regionların rəhbərləri və məktəb direktorları iştirak ediblər.
Mədəniyyət naziri Adil Kərimli çıxış edərək müəllimlərin peşəkar inkişafının vacibliyini vurğulayıb. Nazir qeyd edib ki, Mədəniyyət Nazirliyi sistemində fəaliyyət göstərən incəsənət məktəbləri müəllimlərinin bacarıq və səriştələrinin qiymətləndirilməsi ilk dəfə həyata keçirilir. Bu addım peşəkarlığın artırılması, sağlam rəqabətin təşviqi və mədəniyyət təhsilində yeni hədəflərə çatmaq üçün əsas vasitədir.
Daha sonra nazirin müşaviri Cəsarət Valehov attestasiyanın nəticələri, bölgələr üzrə göstəricilər və növbəti addımlarla bağlı təqdimatla çıxış edib.
Təqdimatda 2025-ci il üzrə həyata keçirilən attestasiya prosesi əks olunub, qarşıdakı ilin prioritet istiqamətləri açıqlanıb.
Proqram incəsənət məktəblərinin müəllim və şagirdlərinin ifasında musiqi nömrələri ilə başa çatıb.