Şərurda “Gənclərin Yay Düşərgəsi - 2025”ə start verilib
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Şərur rayonunda "Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş "Gənclərin Yay Düşərgəsi - 2025"ə start verilib.
Nazirliyin mətbuat xidmətindən bildirilib ki, düşərgədə 50-ə yaxın gənc iştirak edir.
Düşərgə iştirakçıları Şərur şəhərində Ümummilli Lider Heydər Əliyevin abidəsini, o cümlədən Şəhidlər xiyabanını ziyarət ediblər.
Düşərgənin təşkil olunduğu Şərur Olimpiya İdman Kompleksində Naxçıvan Muxtar Respublikası gənclər və idman nazirinin müavini, nazir vəzifələrini icra edən Məcid Seyidovun gənclərlə görüşü reallaşıb. Nazir müavini gənclər üçün yaradılan imkanlardan bəhs edib.
Qeyd olunub ki, gənclərin asudə vaxtının səmərəli təşkili, hərtərəfli inkişafına nail olunması məqsədilə müxtəlif layihələr həyata keçirilir, davamlı addımlar atılır. Məcid Seyidov əlavə edib ki, ötən il olduğu kimi bu il də gənclərin muxtar respublika və ölkə hüdudlarından kənarda təşkil olunan bir sıra düşərgə və ya proqramlarda iştirakı aktualdır. Artıq Quba rayonunda Azərbaycan-Gürcüstan "Gənclər həftəsi" çərçivəsində beynəlxalq düşərgə start götürüb, o cümlədən hər iki ölkədə daha iki düşərgə təşkil olunacaq. Bu tədbirlərə Naxçıvandan qatılacaq iştirakçı sayı, ümumilikdə 34 olacaq.
Qeyd edək ki, iyulun 26-dək davam edəcək düşərgədə müxtəlif şəxsi inkişaf təlimləri, intellekt yarışları, əyləncəli idman oyunları, komanda təqdimatları və digər fəaliyyətlər təşkil olunacaq.